Koreyada “Azərbaycan Respublikasının xarici siyasət strategiyasının formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda inşa yarışması keçirilib. Lent.az-ın məlumatına görə, tədbir H. Əliyevin 90 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycanın Koreyadakı səfirliyi və paytaxt Seul şəhərində yerləşən Hankuk Universitetinin birgə təşkilatçılığı ilə Universitet tələbələri arasında keçirilib.
Hankuk Universitetinin vitse-prezidenti Çonq Kyon Van Azərbaycanın Koreyada tanıdılmasının əhəmiyyətli olduğunu, Universitet tələbələri arasında keçirilən inşa yarışmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
İnşa yarışmasında 30-dan artıq tələbə iştirak edib. Yarışmada qalib gələn ilk üç tələbə mükafatlandırılıb. İkinci və üçüncü yerlərə layiq görülən tələbələrə pul, birinci yerin qalibi - Universitetin Türk və Azərbaycan dili kafedrasının magistri Bonk Cu Kimə isə bir həftəlik Azərbaycana səfər mükafatı verilib. Onun səfəri SEBA (Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının) dəstəyi ilə həyata keçiriləcək.