Bakıda baş verən yanğın zamanı qüsursuz işləyən qurumlardan biri də xəstəxanalar idi. Buna baxmayaraq, sosial şəbəkələrdə Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv cərrahiyyə klinikasının yanıq şöbəsində hansısa neqativ hallar barədə faktlara söykənməyən məlumatlar yayılıb. Klinikanın həkimi Ülviyyə Zeynalovanın Lent.az-a bildirdiyinə görə, sosial şəbəkələrdə yayılan xəbərlərin heç bir əsası yoxdur.
“Yanğın baş verən gün bizim şöbənin həkimləri bütün tibb personalı ilə birlikdə tam hazır vəziyyətdə xəstələrin qəbulunu gözləmişik. Hadisə barədə məlumat alan kimi DHTİ-nun rektoru Nazim Qasımov, Plastik və Rekonstruktiv cərrahiyyə klinikasının baş həkimi Şahin Əliyev bütün günü klinikada olublar. Bir sözlə, hamı xəstələrin qəbuluna hazır idi. Həmin gün isə ancaq bir nəfər, yanğınsöndürən Rasim Ağayev bizə müraciət edib, yardım alandan sonra evə buraxılıb. Səhəri gün yanğının söndürülməsində sakinlərə kömək edən Babayev Kamran adlı şəxs klinikaya müraciət edib, o da ambulator yardım alandan sonra evə buraxılıb. Odur ki, sosial şəbəkələrdə nələrisə paylaşarkən, diqqətli olun, həkim adına ləkə yaxmayın”.