Təhsil Nazirliyi tərəfindən Azərbaycan Texnologiya Universitetində (ATU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil edilən mediaturda 10-dan artıq KİV nümayəndəsi iştirak edib.
Mediatur zamanı ATU-nun rektoru Akif Süleymanov KİV nümayəndələri və imtahanları müşahidə edən valideynlərə universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə bütün zəruri addımlar atılması, şəffaflığın qorunması üçün valideynlərin iştirakına şərait yaradılması barəsində məlumat verib.
Bildirək ki, artıq kompüter vasitəsilə götürülən imtahanların gedişini hər bir valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə izləyə bilər. Test üsulu ilə keçirilən imtahan sessiyası yanvarın 29-dək davam edəcək. Kredit sistemi əsasında qiymətləndirmə aparılan imtahanların gedişinə xüsusi təlim keçmiş əməkdaşlar nəzarət edir. Cavabların qiymətləndirilməsi isə xüsusi proqram vasitəsilə həyata keçirilir və nəticələr həmin gün açıqlanır.
İlk dəfə imtahanları birbaşa müşahidə edən valideynlər tələbələr üçün yaradılmış əlverişli şəraitdən və onların biliyinin qiymətləndirilməsinin şəffaf təşkilindən razılıqlarını bildiriblər.
Sonda ATU-nun rektoru Akif Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağında tədrisin, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, aparılan islahatlardan, həyata keçirilən proqram və layihələrdən danışıb və universitetin rəhbərliyi və professor-müəllim heyətinin imtahanların obyektiv təşkili və tələbələrin imtahanlara daha səmərəli hazırlaşması üçün bütün tədbirləri həyata keçirdiyini deyib.