İslam Əməkdaşlıq Təşkilatı Gənclik Zirvəsındən Azərbaycana dəstək
14 aprel 2016 11:48 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı Gənclik Zirvəsındən Azərbaycana dəstək

İstanbulda öz işinə başlamış İƏT Dövlət Başçıları Sammiti öncəsi, İƏT tarixində ilk dəfə olaraq İslam Konfransı Gənclər Forumu tərəfindən İƏT Gənclik Zirvəsi təşkil olunub. Lent.az-n məlumatına görə, İƏT üzv ölkələri dövlət başçıları Sammitinin tərkib hissəsi olan İƏT və Türkiyə hökuməti ilə birgə 11-13 tarixlərində İstanbulda keçirilən İƏT Gənclik Zirvəsinin bağlanış mərasimində Azərbaycanla bağlı mühüm dəstək ifadə edilib.

 

Rəsmi bağlanış mərasimində çıxış edən İKGF sədri Elşad İskəndərov bildirib ki, Gənclik Zirvə toplantısında 57 İƏT-ə üzv ölkəni və qeyri-müsəlman ölkələrinin aparıcı müsəlman azlıqlarını təmsil edən 200-ə yaxın gənc liderlə yanaşı, 8 ölkənin Gənclər və İdman nazirləri, 6 beynəlxalq təşkilat rəhbəri və dünyanın bir sıra aparıcı elm və ictimai xadimləri, ekspertlər qatılıb. İki gün davam edən panel və işçi qrup müzakirələri zamanı Gənclik Zirvəsi tərəfindən yaxın illərdə İƏT-in gənclik siyasətinin əsas parametlərini özündə əks etdirən “Gənclik Strategiyası” qəbul edilib.

 

İKGF sədrinin bildirdiyinə görə həmin prinsip və parametrlər İƏT Gənclik Zirvəsinin “10 ildə 10 hədəf - Deklarasiyası və Təklifləri” adlı yekun sənəd şəklində formalaşdırılaraq sabah öz işinə başlayacaq İƏT Dövlət başçıları Sammitinə təqdim olunacaq. Sənədə Dövlət başçıları Sammiti tərəfindən münasibət bildirildikdən sonra bu təkliflər cari ilin sonunadək qəbul ediləcək İslam Əməkdaşlıq Təşkilatı gənclik siyasəti strategiyasının əsas prinsiplərini təşkil edəcək.

 

Bağlanış mərasimində çıxış edən İSESCO baş direktoru Əbdüləziz Tüveyciri İƏT tarixində ilk dəfə olaraq keçirilən İƏT Gənclik Zirvəsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin Yekun sənədində gənclərin inkişafı, təhsili və gənclər arasında işsizliyin aradan qaldırılması kimi mühüm problemlərin konkret və yaradıcı həlli təkliflərinin yer aldığını qeyd edərək Zirvə iştirakçılarını təbrik edib. O, Yekun Deklarasiyada İƏT gənclik siyasətində Türkiyə və Azərbaycanın xüsusi rolları olmasının qeyd edilməsini də alqışlayaraq bu ölkələrin digər İƏT üzv dövlətlərinə örnək olacaqlarını bildib. Natiq, Gənclik Zirvəsinin Yekun sənədində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin gənclərin inkişafı sahəsində təşəbbüslərinin və şəxsi rollarının qeyd olunmasını da yüksək qiymətləndirib.

 

Mərasimdə çıxış edən BMT Sivilizasiyaların Alyansının ali təmsilçisi Naser əl Naser İKGF-ni bu Zirvə toplantısının keçirilməsi ilə bağlı təbrik edərək, qəbul edilmiş yekun sənədin beynəlxalq səviyyədə mədəniyyətlər arası dialoqun inkişafı və İslamafobiya ilə mübarizədə İƏT arealı gənclərinin səfərbər olunması üçün önəmli platforma rolunu oynayacağını vurğulayıb.

Bunlardan əlavə, tədbir zamanı, İƏT üzv ölkələrini və beynəlxalq təşkilatları təmsil edən 200-dən artıq gənc lider tərəfindən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı atdığı addımlar və haqq mövqeyinə xüsusi dəstək də nümayiş etdirilib. Belə ki, müzakirələr zamanı Azərbaycanın son günlərdə öz ərazi bütövlüyünün müdafiəsi sahəsində və işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı tutarlı cavab əməliyyatları dəstəklənmiş, sosial mediada Azərbaycana dəstəklə bağlı kampaniya təsis edilməsi, bununla bərabər artıq dünyada geniş yayılmış Xocalıya Ədalət kampaniyasına da dəstək verilməsi təşəbbüsü irəli sürülərək qəbul olunub. Bu məqsədlə Zirvə toplantısının 200-dən artıq gənc iştirakçısı əllərində Azərbaycan bayrağı ilə çəkdirdikləri şəkillərlə #SupportAzerbaijan haştaqlı sosial şəbəkə kampaniyasına start veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar