İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında olub. Lent.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov qonağı salamlayaraq bildirib ki, tarixən qonşu olan hər iki ölkənin əlaqələri heç vaxt indiki kimi geniş və əhatəli olmayıb. İstər əməkdaşlığın möhkəmləndirilməsində, istərsə də görülən işlər barədə ölkələrin xalqlarında ictimai təsəvvürlərin formalaşmasında media, jurnalistlər aparıcı qüvvə olaraq qalır. Səfirlik rəsmisi ilə görüşdə məqsəd bu günədək həmin sahədəki vəziyyəti təhlil etmək, əlaqələrin inkişafına xidmət edəcək yolları müəyyənləşdirməkdir. Şura sədri «Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2016-2018-ci illər üçün mədəniyyət, incəsənət və turizm üzrə Mübadilə Proqramı» layihəsinin də bu işlərin əlaqələnldirilməsi baxımından əhəmiyyətini qeyd edib. Eyni zamanda Xəzəryanı ölkələrin media qurumlarının bir araya gətirilməsində Azərbaycan və İran jurnalistlərinin fəal rol oynama imkanlarından danışıb.
M.Nəcəfli MŞ sədrinin təşəbbüsünü dəstələyərək bildirib ki, bu işə elə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun yaradılmasından başlamaq, sonra digər Xəzəryanı ölkələrin də media təmsilçilərini bir araya gətirmək effektiv olardı.
Tərəflər jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığını nəzərə alaraq belə səfərlərin davam etdirilməsi barədə razılığa gəliblər. Futbol və digər idman növləri üzrə hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədə uyğun sayılıb.