İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov əmr imzalayıb.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.7-ci maddəsini və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verməsi bildirilir.
Bununla əlaqədar əmrdə həmin bölgədən və risk zonasına yaxın olan Arak, Kaşan və Tehran bölgələrindən də diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə İranın Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.
Qeyd edək ki, İranda baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilmiş və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir.