Yanvarın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yeni layihəyə start verilib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində universitetin professor və kafedra müdirləri nümunəvi dərslər keçəcəklər. Dərslərdə universitetin müəllim heyəti, doktorant, dissertant, gənc müəllim və əməkdaşlarla yanaşı, digər ali təhsil müəssisələrinin, təşkilat və şirkətlərin nümayəndələri də iştirak edəcəklər.
Bildirək ki, layihənin məqsədi təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texnologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürməsidir.
Müasir dövrün aktual problemlərinə həsr olunacaq nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktiki bacarıqlara da yiyələnəcəklər.
Qeyd edək ki, nümunəvi dərslər bir ay davam edəcək.