Prezident və xanımı “Dalğa Beach-Aqua Park”ın açılışında
26 may 2015 17:36 (UTC +04:00)

Prezident və xanımı “Dalğa Beach-Aqua Park”ın açılışında

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.

Lent.az-ın prezident.az saytına istinadən məlumatına görə, Bakıda istifadəyə verilən daha bir müasir istirahət və əyləncə mərkəzi olan  “Dalğa Beach-Aqua Park” Xəzər rayonunun Mərdəkan qəsəbəsində inşa edilib və xidmətinin müxtəlifliyi,  quruluşunun cazibədarlığı ilə fərqlənəcək.

Qeyd edək ki,  “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların istirahətini təşkil etmək üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər lazımı şərait də yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün burada çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib. İstirahət mərkəzinin Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb. Bu isə Disco Klubda müxtəlif səpkili əyləncəli şou və proqramları təşkil etməyə imkan verir.

İstirahət mərkəzinə gələnlərə buradakı restoranlarda Azərbaycan və dünya mətbəxinin nümunələri, həmçinin dəniz məhsullarından hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunacaq. Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri burada daimi fəaliyyət göstərəcək su atraksionudur. Ölkəmizdə ilk dəfə nümayiş etdirilən bu əyləncə növü nadirliyi ilə seçilir.

Dövlət başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da oldular. Bu iaşə obyekti xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradacaq.

İstirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası da yaradılıb.

“Dalğa Beach-Aqua Park” ailəvi kompleksdə VIP-house da inşa olunub. Burada müştərilərin rahatlığını tam təmin etmək məqsədi ilə hərtərəfli şərait yaradılıb. VIP-house-un pəncərələrindən Xəzər dənizinə və istirahət mərkəzinə gözəl mənzərə açılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar