"Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən il ərzində orta hesabla 30-40 plagiat elmi iş aşkar olunur".
Lent.az-ın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin (MHA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini Vəli Hüseynov deyib.
O bildirib ki, bir neçə il əvvəl Komissiyasının iclası zamanı bir dəfəyə 6 iş ləğv olunub: “ Nəzərə alsaq ki, Ali Attestasiya Komissiyasının ayda 4 dəfə iclası keçirilir. Bundan başqa ayda 2 dəfə Rəyasət heyətinin iclası olur. Bu hesabla haradasa ildə 30-40 işdə plagiatlıq aşkar olunur. Təbii ki, bu işləri ekspertlər şurası qiymətləndirir. Məsələn, elə olur ki, plagiat faktı az olur və dissertasiyanın məzmununa xələl gətirmir. Ancaq bəziləri tam ləğv olunur. Bəziləri də var ki, plagiat faktına görə yox, kənardan gəldiyinə, harada yazıldığı belə məlum olmadığına görə ləğv olunur. Hətta xaricdə müdafiə olunmuş işlərdə də plagiatlıq faktlarına rast gəlinir”.
V. Hüseynov onu da bildirib ki, elmə gələn cavanlar daha çox dəqiq və təbiət elmləri sahəsində elmi işləri müdafiə edirlər.
Bəzi ekspertlərin Ali Attestasiya Komissiyasının ləğv edilməsi ilə bağlı təkliflərinə də toxunan V. Hüseynov qeyd edib ki, bu qurum Prezident yanında fəaliyyət göstərən bir Komissiyadır. Odur ki, bu, dövlət səviyyəsində həll olunan bir məsələdir.