Bu gündən etibarən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.
Müsabiqənin nəticələrinə görə, lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlər.
Bundan başqa, valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilər və bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir. Valideyn eyni zamanda bir neçə məktəb seçə bilməz. Valideynə yalnız bir məktəb seçib sorğu yerləşdirmək hüququ verilir.
Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbə qəbul olunmaya bilər.
Həmçinin, xarici ölkə vətəndaşının qeydiyyatı Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında aparılacaq.
Qeyd edək ki, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək.