Şura 29 layihəyə 300 min manat ayırıb
01 iyun 2015 18:18 (UTC +04:00)

Şura 29 layihəyə 300 min manat ayırıb

0

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən I Avropa Oyunları, ictimai davranış qaydaları və ictimai nəzarətə aid QHT layihələrinin icra vəziyyəti müzakirə olunub.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda çıxış edən Şura sədri Azay Quliyev I Avropa Oyunları ərəfəsində keçirilən müzakirələrin vətəndaş cəmiyyəti institutlarının böyük idman tədbirinə hazırlıq səviyyəsini dəyərləndirmək  və ona ictimai nəzarəti artırmaq məqsədi daşıdığını deyib.

Azay Quliyev Azərbaycanın birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin hazırlıq prosesini ən yüksək səviyyədə başa çatdırdığını və cəmiyyətimizin bütün təbəqələrinin bu prosesdə fəal iştirakının vacibliyini bildirib. Şuranın I Avropa Oyunları və ictimai davranış qaydaları ilə bağlı 29 QHT-nin layihəsinə 300 min manata yaxın vəsait ayırdıqlarını bildirən Azay Quliyev təşkilatların fəaliyyətlərini media ilə yaxından əməkdaşlıq səviyyəsində qurmalı olduğunu deyib: “Cənab prezident İlham Əliyev 27 may 2015-ci il tarixli çıxışında bir daha bütün dövlət strukturlarının fəaliyyətinə ictimai nəzarətin artırılmasının vacibliyini vurğulayıb. Bütövlükdə cəmiyyətə verilən bu mesaj QHT-lərin də üzərinə mühüm vəzifələr qoyur. Biz QHT-lərin I Avropa Oyunları, ictimai davranış və mədəniyyət qaydaları ilə bağlı onlarla layihəsini dəstəkləmişik. Görülən yüksək səviyyəli hazırlıqlara baxmayaraq ölkəmizə səfər edəcək əcnəbilərdə nəqliyyatda, yaxud  hansısa xidmət sahəsində rastlaşa biləcəkləri uyğunsuz hərəkətlərin və problemlərin Azərbaycan haqqında mənfi rəy formalaşdırmasına imkan verməməliyik. QHT-lər narahatlıq doğuran ictimai davranış qaydaları ilə bağlı maarifləndirmə işini gücləndirməli və mövcud problemlərlə bağlı real təkliflərlə çıxış etməlidirlər”.

Tədbirdə çıxış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov I Avropa Oyunları ərəfəsində DYP ilə yanaşı QHT-də ictimai davranış və yol hərəkəti qaydaları ilə bağlı təbliğat və maarifləndirmə prosesində yaxından iştirak etdiyini deyib. Şuranın maliyyə yardımı ilə QHT-lərin bu istiqamətdə həyata keçirdiyi layihələrin ümumi işin səmərəliliyini xeyli artırdığını və yol hərəkət qaydalarına riayət olunması ilə bağlı son göstəricilərin buna misal olduğunu qeyd edib.

Toplantıda QHT rəhbərləri Rauf Zeyni, Ceyhun Musaoğlu, Sahib Məmmədov, Elməddin Muradlı, Elşad Eyvazlı, Çingiz Bayramov, Vüsalə Hüseynli, İradə Yaqubova, Niyaməddin Orduxanlı, Umud Mirzəyev, Ərşad Hüseynov, Dilarə Vəliyeva, Bəxtimşah Tağıyeva, Rəfael Becanov, Səbuhi Abbasov, Mətanət  Cəfərova , Zəminə Səfərova, Venera  Əsgərova radio və televiziyalarda sürücüləri siqnal verməkdən çəkindirən audio və video çarxların yayımlanması, ictimai davranış, mədəniyyət qaydaları və ekologiyaya dair layihələr icra edən QHT-lərin birgə monitorinqlərinin təşkili, əcnəbilərin çox olacağı yerlərdə işğal altında olan torpaqlarımızın fərqləndirildiyi Azərbaycan xəritələrinin asılması, turistlərin gedə biləcəyi yerlərdə gigiyenik qaydalara riayət olunması,  televiziyaların efir siyasətinin daha peşəkarlıqla tənzimlənməsi, metro və avtobuslarda maarifləndirici xarakterli materialların yerləşdirilməsi, avtomobillərin park məsələsinin həllinə diqqətin artırılması və digər təkliflərlə çıxış ediblər.

Şura sədri Azay Quliyev I Avropa Oyunları ilə bağlı ölkəmizin media qurumlarının da üzərinə mühüm vəzifə düşdüyünü xatırladaraq, yayılan hər bir informasiyanın milli təhlükəsizlik kontekstindən və obyektivlik prizmasından  dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Şuranın üzərinə düşən bütün işləri gördüyünü və QHT-lərin zəruri sayılan təkliflərlə bağlı layihələrinə dəyişikliklər üçün Şura Katibliyinə müraciət edə biləcəklərini deyib. Toplantıda  müzakirələrdə irəli sürülən təkliflərin ümumiləşdirilərək mövcud problemlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciətin edilməsi və İctimai Televiziyada müvafiq verilişlərin hazırlanması ilə bağlı razılıq əldə olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar