Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 fərdi ev Füzuli rayonunun Horadiz şəhərində Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, rayon İH-nin başçısı Alı Alıyev, əlil ictimai birliklərinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə son günlərdə cəbhə xəttində erməni silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün keçirilən uğurlu hərbi əməliyyatlar zamanı şəhid olmuş qəhrəman hərbiçilərimizin və təxribat zamanı həlak olmuş mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
S.Müslümov bir neçə gün öncə təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətmək cəhdinin qarşısının alınması zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüşkənlik və qəhrəmanlığın müasir tariximizin şanlı bir səhifəsinə çevrildiyini vurğulayıb: “Ölkəmizin hərbi potensialının gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ötən müddətdə həyata keçirdiyi məqsədyönlü və kompleks tədbirlərin nəticəsi olaraq Azərbaycan Ordusu bu gün dünyanın ən güclü ordularından birinə çevrilib. Məkrli düşmənin mütəmadi olaraq ölkəmizə, xalqımıza qarşı törətdiyi hərbi təxribatların qarşısı layiqli şəkildə alınır. Azərbaycanın bütün sahələrdə uğurlarının və dünyada nüfuzunun, diplomatik nailiyyətlərinin daim artmasından təşviş və narahatlıq keçirən işğalçı Ermənistanın bu günlərdə Vətənimizə qarşı törətdiyi növbəti silahlı təxribat da uğursuzluqla nəticələndi. Bu təxribata cavab olaraq, peşəkar və qəhrəman ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi, xeyli miqdarda hərbi texnikasını və canlı qüvvəsini məhv etməsi, eyni zamanda əks-həmləyə keçərək bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etməsi xalqımızın, dünyada yaşayan bütün azərbaycanlıların qəlbini fəxr və iftixar hissi ilə doldurdu. Bu gün bizim hər birimizin qəlbi tarixi bir qələbə sevinci ilə döyünür və inanırıq ki, işğal olunmuş torpaqlarımızın azad olunacağı gün heç də uzaqda deyil”.
Nazir bildirib ki, son hadisələr prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun istənilən an və qısa bir müddətdə düşməni doğma torpaqlarımızdan qovmağa, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadir qüdrətli bir ordu olduğunu, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyini, döyüşkənlik əzmini, hünər və rəşadətini nümayiş etdirdi. Ermənistanın isə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də nə qədər aciz və biabırçı durumda olduğu bir daha öz təsdiqini tapdı.
S.Müslümov vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş insanlar, habelə şəhid ailələrinə yönələn dövlət qayğısı da mütəmadi olaraq artırılır: “Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, respublikamızın bütün bölgələrində, eləcə də cəbhəyanı yaşayış məntəqələrində həmin insanlar üçün fərdi
evlərin inşası, hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri aparılır. Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında onlar üçün çoxmənzili yaşayış binaları da tikilir. Ötən il 281 nəfər, bu ilin ötən dövründə isə artıq 100 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu gün Füzuli rayonunda 3 nəfərə fərdi yaşayış evi təqdim edirik və hazırda bu rayonda daha 4 ədəd fərdi yaşayış evində inşaat işləri tamamlanmaq üzrədir”.
İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5330 nəfərədək əlil və şəhid ailəsinin mənzillə təmin olunduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları nəticəsində təkcə son iki ildə 1933 nəfərə “Naz-LİFAN” markalı minik avtomobili verilib. İndiyədək isə Nazirlik tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan vətəndaşa minik avtomobili təqdim olunub ki, onların da 60,1 faizi və ya 3456 nəfəri Qarabağ müharibəsi əlilləridir.
S.Müslümov əlil olmuş 12,6 mindən çox şəxsin, 13,2 minə yaxın şəhid ailəsinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, habelə sosial müavinət və ya əmək pensiyaları ilə təmin olunduqlarını da diqqətə çatdırıb.
Daha sonra S.Müslümov yeni fərdi evlərlə təmin olunan Qarabağ müharibəsi əlillərini bu münasibətlə təbrik edərək onlara xoş arzularını ifadə edib.
Tədbirdə digər çıxış edənlər düşmən təxribatlarına qarşı sarsıdıcı zərbələrlə cavab verilməsindən iftixar hissi ilə söz açıblar. Qarabağ müharibəsi əlilləri onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.