Hadi Rəcəbli Lent.az-a yazır: Virtual dünyamız
01 aprel 2013 19:40 (UTC +04:00)

Hadi Rəcəbli Lent.az-a yazır: Virtual dünyamız

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 16-da 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi, bu günlərdə isə “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzaladı.  Bu, dövlət başçısının modern  və sosial dövlət quruculuğu istiqamətində atdığı növbəti mühüm addımdır.

 

İKT və modern dövlət quruculuğu

 

Öncə onu qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər)" gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaradıb. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Respublikamızda ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması ilə bağlı dünyanın aparıcı xarici mütəxəssislərinin iştirakı ilə Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da elektron hökumətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. BMT Baş Assambleyasının qəbul etdiyi "Minilliyin Bəyannaməsi" və "İnformasiya və kommunikasiya texnologiyalarından inkişaf naminə istifadə" haqqında qətnamələrini nəzərə alaraq, dövlət başçımızın qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədilə “2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi və Tədbirlər Planını təsdiqləməsi təsadüfi deyil. Bəs bunun modern  və sosial dövlət quruculuğu istiqamətində atılmış atdığı növbəti mühüm addım olduğu nələrdə əksini tapır?

Sənəddə konkret müddətlər göstərilməklə dövlət orqanlarının, elmi mərkəzlərin və vətəndaş cəmiyyəti institutlarının görməli olduğu işlər əksini tapıb.  Müvafiq dövlət qurumları il ərzində internetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması, internet xidmətlərin tariflərinin həmin xidmətlərin maya də­yə­rinə uyğunlaşdırılması üzrə tədbirlə­rin görülməsini, “Elektron hökumət”in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsini, elektron xidmətlərdən istifadənin kütlə­vi­li­yi­nin artırılması üzrə fəaliyyətin, elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron tu­rizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə istiqamətlərinin tətbiqinin genişləndirilməsini, “ASAN xidmət” mərkəzlərində gös­tə­rilən xidmətlərin elektronlaşdırılması üzrə tədbirlərin görülməsini təmin etməlidir.

 

Xidmətlərdə “Asan”laşma

 

Xüsusilə qeyd etmək lazımdır ki, elektron hökumətlə bağlı atılan addımlar korrupsiya və rüşvətxorluq kimi halların aradan qaldırılmasına, vətəndaşların dövlət xidmətlərindən yararlanmaq imkanlarının asanlaşmasına hesablanıb. Elə vətəndaşlar üçün elektron xidmətlər göstərən “Asan xidmət” mərkəzlərini yaratmaqda da məqsəd budur. “ASAN xidmət”i Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizə sahəsində atdığı ən praktik, ən görünən, ən istənilən addımlardan biridir. Bu, bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti ölkədə korrupsiyanın qarşısını almaq üçün çox düzgün metodlar tapır, yəni, cəza metodundan daha çox, onun qarşısını almaq metodlarından istifadə edilir. Prezident insanların birbaşa kontaktda olduğu, insanların hər gün rastlaşdığı və insanların daha çox şikayət etdiyi qurumlarla birbaşa işləməyin yeni formasını tapdı və bu xidmət artıq öz işini uğurla həyata keçirməkdədir. Eyni zamanda “ASAN xidmət”inə işə götürülənlərin ən başlıca göstəriciləri hansılardır? Bu göstəricinin əgər birincisi peşəkarlıqdırsa, ikincisi və başlıcası insanların gülərüzlüyüdür. Adamlarla rəftar bacarığının olması, belə demək mümkünsə, daha kommunikasiyalı xidmətdə gülərüzlülükdür. Adam var ki, onunla danışırsan, elə matəm sifətindədir. Gül də bir az, sən xidmətdəsən, sən qulluq edirsən, axı! Ona görə belə gülərüz, mehriban, peşəkar adamlar ora seçilib. Düşünürəm ki, belə adamların ora seçilməsi gələcəkdə də davam edəcək. Bir sözlə, bu xidmət mərkəzlərindəki insanlar ideal, təmiz, qayda-qanunlara əməl edən, şəffaf insanlardır və ən əsası qurumun özü də şəffafdır. Hamısı aynabənd, hamısı şüşələrdən görünür, hamısı çəkilir və beləliklə, biz nəhayət, bu sahədə şəffaflığa nail ola bildik. Bu da xalqımızın, əhalimizin həm rifahına , həm əhvalına təsir edir, həm də bəzi gərginlikləri, neqativ halları aradan qaldırır.

Bu sahənin inkişafı üçün virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı tədbirlərin, regionlarda geniş­zo­laq­lı internet xidmətlərindən istifa­dənin ge­niş­ləndirilməsi, pilot layihələrin həyata ke­çi­ril­məsi, ölkə ərazisində rəqəmli televiziya yayımına keçidin təmin olunması, ictimai yerlərdə ödənişsiz WiFi zonalarının yaradılması, regionlarda İKT üzrə bilik və ba­ca­rıq­ların artırılması məqsədi ilə əhalinin müxtəlif qrup­ları üçün təlim kurslarının, seminarların keçirilməsi, əhəmiyyətli mövzular üzrə onlayn tədbirlərinin keçirilməsi, İKT üzrə kadr hazır­lığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi, “Onlayn fikir bankı”nın yaradılması, elektron mənzil növbəsi və bölgüsünün tətbiqi ilə bağlı tədbirlərin görülməsi və digər məsələlər nəzərdə tutulub. Bütün bunlar isə modern və sosial dövlət quruculuğuna hesablanıb. İndiyə qədər əldə olunan nəticələr, uğurlar Tədbirlər Planında əksini tapan işlərin də uğurla və zamanında yerinə yetiriləcəyinə şübhə ilə yanaşmağa əsas vermir.

 

Uşaqlar üçün “Təhlükəsiz internet”

 

Uşaqların hələ məktəbdə oxuduğu illərdə İKT, o cümlədən internetdən istifadə etmək bacarıqlarına yiyələnməsi vacibdir. Tədbirlər Planında sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların da  İKT-dən is­ti­fadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsinin vəzifə kimi qarşıya qoyulması da hökumətin bu sahədə siyasətinin növbəti bariz nümunəsidir. Lakin uşaqların internetdən bilik və faydalı məlumatlar əldə etmək üçün istifadə etmələri, zərərli təsirlərə məruz qalmamaları da çox vacibdir. Bəzən internetdə əldə edilən məlumatlar ekstremist xarakterli olub uşaqların psixi durumuna mənfi təsir göstərir, sinir sistemini pozur. Təsadüfi deyil ki, Tədbirlər Planında yer alan məsələlərdən biri də uşaqlar üçün “Təhlükəsiz internet” üzrə təd­bir­lə­rin görülməsi ilə bağlıdır. Bu gün inkişaf etmiş dünya ölkələrində də uşaqlar üçün məhz təhlükəsiz internetin təmin edilməsi prioritetlər sırasındadır və buna nail olmaq üçün müxtəlif metod və üsullardan istifadə edilir.  Məsələn, Avstraliya uşaqlar üçün təhlükəsiz internet sisteminin təşkilinə 100 milyon dollardan çox vəsait ayırır. . Böyük Britaniyada təhlükəsiz internet problemi ilə məşğul olan "Internet Watch Foundation" təşkilatının illik büdcəsi 1 milyon funt sterlinq təşkil edir. "Internet Watch Foundation" tərəfindən istifadəçilərin hər il təxminən 40 min şikayəti üzrə araşdırmalar aparılır. Türkiyə hökuməti isə ölkənin internet-provayderlərinə 1 avqust 2011-ci ildən etibarən pornoqrafik, zorakılıq təbliğ edən, terrora çağırış məzmunlu saytlara girişi bağlamaq göstərişi verib. Rusiya Federasiyasının qanunvericilik orqanının hazırladığı təkmil hüquqi baza - “Uşaqların sağlamlıqlarına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” federal qanun da buna bir daha bariz nümunədir. Rusiyada bu proses yeni başlayıb və bəzi hesablamalara görə bu məqsədlərə 500 milyon dollar vəsait tələb olunur. İslandiyada da təhlükəsiz internet məsələsi gündəmdədir. İslandiya daxili işlər naziri Ogmundur Jonasoon bununla bağlı parlamentə qanun layihəsi təqdim edib. Arqument də budur ki, internet pornosu erkən yaşda erotik videoları izləməyə başlayan uşaqlarda uzunmüddətli problemlərə yol açır,  qadınlara qarşı zorakılığı artırır. Qanunun qəbul edilməsi ehtimalı yüksək dəyərləndirilir. Artıq İslandiya daxili işlər naziri həyata keçirmək istədiyi qanunla bağlı xüsusi qruplar da yaradıb. Bu qruplar internetə bağlı cihazlar vasitəsi ilə porno-video və fotoşəkillərə baxmağın qarşısını almağa necə nəzarət edilə biləcəyini araşdıracaq. Başqa sözlə, porno saytlara girişə qadağa qoymaq üçün filtr sistemi yaradılacaq.

Beləliklə, yəqin ki, Azərbaycanda da uşaqlar üçün “Təhlükəsiz internet”lə bağlı qanunvericilik sahəsində müəyyən addımların atılması aktuallaşacaq. Digər tərəfdən, bir məqamı da mütləq nəzərə almaq laxımdır və bu məsələdə xüsusən valideynlərin üzərinə böyük məsuliyyət düşür. Söhbət uşaqların gün ərzində internetdən çox, lüzumsuz yerə istifadə etməsindən, kompüter qarşısında həddindən çox vaxt keçirməsindən gedir.

 

Məhdudiyyət və ya tənzimlənmə…


Dünyada aparılan psixoloji tədqiqatlar da göstərib ki, internetdən asılı olan uşaqlar çox vaxt depressiyadan əziyyət çəkir, nə qədər çox internetdə otururlarsa, bir o qədər də özlərini yorğun və bədbin hiss edirlər. Virtual aləmdə çoxlu vaxt keçirməyin ciddi zərərləri var. Danışmaq şəxsiyyətin özünütəsdiq aktıdır.  Amma internetdə, virtual dünyada çox vaxt keçirən  uşaqlar canlı ünsiyyətdən uzaqlaşır, az danışır, özlərinə qapanmağa başlayırlar. Uşaqlıqdan internetdən asılılıq son nəticədə insanlarda "autizm" adlanan psixoloji xəstəliyə də yol açır. Bu xəstəlik beyin fəaliyyətini kütləşdirir, insan həyat təcrübəsindən təcrid olunur. Ola bilsin ki, həmin uşaq ağıllı, savadlıdır, hisslərində azaddır, amma hissələrini ifadə edə bilmir. Həmin şəxslərin sanki öz aləmi var, bu da virtual aləmdir. Yəni uşaq internetdə özünə lazım olan məlumatı əldə etdiyi müddətədək oturmalıdır. Həm də o məlumatı, informasiyanı, biliyi kitabdan əldə etmək mümkündürsə, uşaqların bunu internetdə axtarması, kompüter qarşısında oturub oxuması yaxşı hal deyil. Üstəlik,  uşaqları “narkotik” kimi cəlb edə biləcək internet-qumar, internet-kazino oyunları, uşaqları özünə tez çəkən məlumatlar, audio narkotiklər - neyrolinqvistik materiallar var ki, insanların psixologiyasına təsir edir. Bu kimi zərərli halların qarşısı necə alınmalıdır?

Bu işdə hər şey dövlət və ayrı-ayrı təşkilatların üstünə düşmür. Burada şəxsi informasiya mədəniyyəti olmalıdır, cəmiyyəti buna hazırlamaq lazımdır. Orta məktəblərdə uşaqlarla izahatlar vermək, valideynlərlə iş aparmaq, mexanizmlər qurmaq lazımdır. Bu mexanizmlər hüquqi, etik, texnoloji qruplara bölmək olar. Narkotiklə mübarizədə dünya ölkələri necə əl-ələ verir, bax bu məsələdə də beynəlxalq aləm birgə mübarizə aparmalıdır. Maarifləndirmə işləri aparılmalıdır ki, valideyn internetin fəsadlarını da bilsin və övladını çəkindirsin. Uşağın real aləmdə marağına uyğun məlumat verməsən, onun məktəbdə, ailədə həyatının maraqlı keçməsini təmin etməsən, uşaq öz marağını real aləmdə yox, virtual aləmdə axtarmağa məcbur olacaq və onun təsiri altına düşəcək. Təsir altına düşdükcə isə bunun fəsadları getdikcə artacaq. Nəticədə həmin uşaq başqa bir aləmin sakininə çevriləcək. Bu, çox təhlükəlidir və bu gün bütün dünyada ciddi problemdir. Bunun tibbi tərəfi də odur ki, uşaqlar internetdə saatlarla vaxt keçirdikdə, onun qida rejimi, sanitar-gigiyenik normaları, fiziki hazırlığı və durumu pozulur, öz səhhətinin qayğısına qalmır.

Bir mühüm məqam da var. Evdə kompüter olarkən valideynin uşaqlara nəzarət imkanları müəyyən qədər olsa da, internet-kafelər bu sahədə valideynlərin işini çətinləşdirməkdədir. Bu gün internet-kafelərlə bağlı da ciddi problemlər müşahidə olunmaqdadır. İnternet-kafelərə maraq göstərənlər arasında üstünlüyü azyaşlı məktəblilər təşkil edir. Artıq yavaş-yavaş velosiped, voleybol, futbol kimi oyunlar aradan çıxmağa başlayıb. İndi uşaqları uşaq meydançalarında nadir hallarda top qovan görürük. Evdən futbol oynamaq, məktəbə dərsə getmək adı ilə çıxan uşaqların da bir qismi internet klublara gedir. Özlərini virtual oyunlarda tapan bu uşaqlar öz vərdişlərindən əl çəkmək istəmir. Nəinki məktəb yaşlı uşaqlar, hətta 4-5 yaşlılar da yolunu kompüter zallarından salır. Bütün bunlar göstərir ki, internet-klubların fəaliyyətinin ciddi tənzimlənməsinə, məktəb rəhbərliyi ilə valideynlərin birlikdə çalışmasına ehtiyac var.

Yeri gəlmişkən, mən zaman-zaman uşaqların internetdə zərərli təsirlərdən qorunması ilə bağlı fikrimi bildirəndə bəzən bu, yanlış anlaşılıb, düzgün olmayan istiqamətdə yozulub. Mən bir daha vurğulayıram ki, Azərbaycanda uşaqların zərərli saytlara girişinin tənzimlənməsi ilə bağlı qaydaların tətbiq olunmasına çox yaxşı baxıram və ciddi ehtiyac vardır. Elə öz nəvəmdən də misal gətirmək istəyirəm. Nəvəmin 4 yaşı olmasına baxmayaraq, əlindən iPAD düşmür. Buna görə də dedim ki, uşaqların internetdən istifadəsi ilə bağlı mütləq məhdudiyyət olmalıdır. Uşaqların internetdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı məsələdən danışanlardan da birinin mən olmağım təsadüfi deyil. Mən Milli Məclisin deputatıyam, Sosial siyasət komitəsinin sədriyəm. Bu, mənim birmənalı səlahiyyətimdə olan məsələdir. Uşaq problemləri ilə bağlı qanun yaradıcılığı məsələləri ilə bizim komitə məşğul olur.

 

İlkin addımlar

 

Onu da nəzərə çatdırım ki, uşaqlar üçün təhlükəsiz internetin təmin edilməsi ilə bağlı Azərbaycanda ilkin addımlar atılıb. Azərbaycanın orta məktəblərində zərərli hesab edilən 90 tematik qrup üzrə dünyanın 18 milyon veb-saytına çıxış məhdudlaşdırılıb. Bu, Azərbaycan Təhsil Şəbəkəsində istifadə edilən "Vebsens" proqramının internet filtrasiya sistemi vasitəsilə mümkün olub. Dünyanın məzmun üzrə aparıcı informasiya təhlükəsizliyi proqramı olan "Vebsens"də onlayn rejimdə "WebCatcher" servisi vasitəsilə zərərli hesab edilən mövzular üzrə saytlar indeksasiya edilir və avtomatik olaraq məhdudlaşdırılmış informasiya resursları qrupuna salınır. Bununla yanaşı, mütəxəssislər vasitəsilə də mütəmadi olaraq qlobal şəbəkədə internet-resurslarının analizi aparılır.
Azərbaycanda zərərli veb-rerurslar üzrə tematik qrupların müəyyən olunması  Təhsil müəssisələrində internetdən istifadənin təşkili və məzmunun süzgəclənməsi Şurası tərəfindən həyata keçirilir. Əsasən uşaqların psixikasına mənfi təsir göstərə biləcək bütün veb-resurslar, o cümlədən pornoqrafiya, aqressiv davranış, ekstremizm, narkotik və alkoqollu içkiləri təbliğ edən və ümumiyyətlə, yetişən nəsil üçün etik və mənəvi qaydalara uyğun olmayan müxtəlif saytlara çıxış məhdudlaşdırılır. Qlobal internetdə uşaqlar üçün təhlükələrin artdığını nəzərə alaraq, Azərbaycan Təhsil Nazirliyinin və "Intel" korporasiyasının "1 şagird: 1 kompüter" layihəsi çərçivəsində netbuklarla təmin olunmuş  bir neçə min şagirdə "təhlükəsiz internet" paketindən yararlanmaq üçün imkan yaradılıb.
Bu paket vasitəsilə həmin netbuklardan istifadə edən şagirdlər nəinki məktəbdə, həmçinin məktəbdən kənarda da internet-filtrasiya sistemi vasitəsilə zərərli veb-resurslardan qoruna bilir. Bununla yanaşı, Azərbaycan Təhsil Şəbəkəsinə xidmət edən "AzEduNet" təşkilatı hər bir valideyn üçün "Təhlükəsiz İnternet" paketini öz övladlarının kompüterlərinə qoşmaq imkanı da yaradıb. Bütün valideynlərin evlərdə kompüterdə bu paketdən istifadə etməsi yaxşı olardı.


Sosial şəbəkə və onlayn media

 

Gənclərin və daha böyük yaş qruplarının da şüurlu şəkildə internetin zərərli təsirlərindən qorunması vacibdir. Bu gün sosial şəbəkələrdə müəlliflik hüququnun qorunması, şəxsi həyatın toxunulmazlığı, xüsusən Azərbaycana qarşı olan qüvvələrin, mərkəzlərin təsirinə düşmək, bilmədən alətinə çevrilmək təhlükəsi də var. Təəssüf ki, biz bu gün dünyada bəzi hallarda “Facebook” kimi sosial şəbəkələrdən məhz belə məqsədlərlə istifadə edildiyinin şahidi oluruq. Bəzi xarici qüvvələr Azərbaycan gəncliyini dövlətçiliyə qarşı çıxmağa təhrik etmək üçün müxtəlif təşkilatlara gizli vəsaitlər ayırır, bu təşkilatların üzvləri də sosial şəbəkələrdə gənclərin “orduda əsgər ölümləri” və digər adlarla dövlətçiliyə qarşı çıxmasına nail olmağa çalışırlar. Düzdür, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti prezident İlham Əliyevin ətrafındadır, dövlət başçımızı, Azərbaycan dövlətçiliyini dəstəkləyir və belə cəhdlər səmərə verməyəcək. Ancaq xarici qüvvələrin təsirinə düşmüş azsaylı gənclərlə maarifləndirmə işinin aparılması da lazımdır və  bu istiqamətdə gənclər təşkilatlarının, QHT-lərin üzərinə də mühüm missiya düşür.

Bəzən “Facebook” səhifələrində yalanlar, iftiralar, təhqirlər yer alir, sonra bu məlumatlar saytlara, qəzet səhifələrinə yol tapır. Nə edəsən ki, məsum, hər şeyə inanan gənclərimiz bu fırıldaqlara uyur və qeyri-adekvat addımlar atırlar. Bəzi saytlar şərhlərə yer açaraq öz istəklərinə uyğun rəyləri dərc edərək cəmiyyətə çatdırırlar. Hətta nüfuzlu adamları, ağsaqqallarımızı təhqir edən yazılardan belə çəkinmirlər. Düzdür bu faktların təhlükəsizlik orqanları vasitəsilə araşdırılması təcrübəsi də artıq dünyada mövcuddur. Nə etmək olarki, açıq cəmiyyət, demokratik, virtual mətbuatın dünyanın belə xoşagəlməz eybəcərlikləri də mövcuddur. Düşünürəm ki, elə zamanın özü bu sahədə olan problemlərin həlli yollarını göstərəcək, yolunu tapacaq, özü qaydaya qoyacaqdır.

Sosial şəbəkədən həddən artıq istifadənin psixi problemlərə səbəb olması da istisna deyil. Virtual aləmdə yalnız beyin işlədiyi üçün psixi problemlər yarana bilər. Sosial şəbəkədə bir sıra hallarda təhqirlərə yol verilməsi də mənfi haldır. Eyni sözü onlayn media ilə bağlı da söyləmək olar. Bəli, müasir dünyada onlayn media inkişaf edir və biz də bu prosesdən kənarda qalmamalı, onlayn medianın inkişafına çalışmalıyıq. Elə Tədbirlər Planında da onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi əksini tapıb. Azərbaycanda peşəkar, jurnalist etikasını əsas götürən onlayn medianın inkişaf etməsinə çalışmalıyıq. Mən də bir millət vəkili, komitə sədri kimi onlayn medianın inkişafında maraqlı olduğumu zaman-zaman ortaya qoymuşam və bu yazının da məhz bir internet portalında işıq üzü görməsi təsadüfi deyil. Ancaq onu da nəzərə almaq lazımdır ki, nüfuzlu adamların təhqirlərinə yol verilən “cib saytları” onlayn medianın inkişafını yalnız və yalnız əngəlləyər. Təəssüf ki, Azərbaycanda “sarı mətbuat” kimi buna oxşar saytlar da var. Digər məqam bir sıra portallarda yazılarının müzakirəsi zamanı ifrat anonimliyə şərait yaradılmasıdır. Yazı bir kənarda qalır, bəziləri yazı müəllifinin, yaxud müsahibin ünvanına əsassız, həm də anonimlik arxasında gizlənərək təhqiramiz ifadələr işlədirlər. Həmin portalların redaktorları da bu şərh bölməsində bu qəbuledilməz rəy və şərhləri yerləşdirir? Bu, peşə etikasına nə dərəcədə uyğundur?!

   

Bütün bunlar göstərir ki, bu gün həm sosial mediada, həm də onlayn mediada hüququ tənzimlənmə də bir məsələ kimi ortaya çıxıb.

 

# 1195
avatar

Oxşar yazılar