Gəncənin Hacıkənd qəsəbəsində yeni “Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılışı olub.
Lent.az-ın məlumatına görə, Gəncə sakinləri və şəhərə gələn qonaqların əvəzolunmaz istirahət məkanı olan Hacıkənd qəsəbəsi günü-gündən öz simasını dəyişir. Burada mövcud olan yerli əhəmiyyətli tarixi abidələr təmir olunur, yeni istirahət guşələri yaradılır. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması, tarixnin yaşadılması, mədəniyyətinin təbliği istiqamətində də bir sıra işlər həyata keçirilir.
Hacıkənd qəsəbəsində yeni istifadəyə verilən “Nizami Gəncəvi: sələflər və xələflər” parkı da məhz bu amala xidmət edəcək.
“Sələflər və xələflər” parkında Nizami Gəncəvi başda olmaqla Gəncə mühitinin yetişdirdiyi şair, yazıçı və öz dövründə hünər sahibi olmuş, əlinin əməyi, biləyinin gücü ilə fərqlənmiş şəxslərin heykəlləri ucaldılıb. Burada ümumilikdə 17 abidə var ki, onların arasında Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Doktəri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci kimi tarixi şəxsiyyətlərin adları diqqət çəkir. Abidələrin müəllifi heykəltəraş Asəf Həsənovdur.
“Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu parın salınması Azərbaycan, xüsusi ilə də Gəncənin mədəniyyəti, tarixi və ədəbiyyatının tanıdılması baxımından böyük önəm kəsb edir. O əlavə edib ki:
“ ”Sələflər və xələflər parkı” daha da genişləndiriləcək. Ərazidə yeni muzey inşa olunacaq ki, burada da sələflər və xələflərin hər biri haqqında geniş məlumat öz əksini tapacaq. Həmçinin muzeydə qeyd olunan dövrü özündə əks etdirən eksponatlar sərgilənəcək. Təbii ki, bütün bunlar Azərbaycanın qədim və zəngin tarixindən, elm və mədəniyyətindən xəbər verir”.
Filologiya üzrə elmlər doktoru, GDU-nun professoru, Nizami Gəncəvi adəbi irsinin davamçısı Xəlil Yusifli burada heykəli ucaldılan şəxslər haqqında söhbət açaraq, onların həyat və fəaliyyətləri barədə maraqlı faktlar səsləndirib. O, e.ə II minillikdə yaşamış sərkərdə Əfrasiyabın abidəsinə diqqət çəkərək, bildirib:
“Nizami Gəncəvi “Xosrov və Şirin”də bildirir ki, əgər iranlı Xosrov “Keyxosrov” nəslinin nümayəndəsidirsə, biz də “Əfrasiyab”ıq. O bununla demək istəyir ki, onlar farsdırsa, biz türkük. Onlar aydırsa, biz günəşik. Nizami Gəncəvi bununla həm də öz kimliyinə diqqət çəkir. Uzun müddət böyük türk dövlətinin hökmdarı olan, farsları özünə tabe edə bilən bir hökmdarın varisi olduğunu xatırladır”.
Orta əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi Əbu Həfs Ömər Gənci barədə də danışan Xəlil Yusifli bildirib:
“Əbu Həfs Ömər Gənci Dövrünün tanınmış şairi olmaqla yanaşı, həm də tarixdə peşəkar müəllim kimi tanınıb. O uzun illər ərzində müsəlman Şərqinin mühüm elm, mədəniyyət mərkəzlərindən biri olan Xorasan şəhərində ərəb dili müəllimi işləyib. Ömər Gəncinin çəkdiyi vətən həsrəti onun şeirlərində də əks olunub: “Sürüb dəvələrini mənim yurduma, yəni Gəncəyə getsən, mənim dostlarıma məndən salam yetir”. “
“Sələflər və xələflər” parkında vaxtı ilə Gəncədə yaşamış qadın şairlərin yaradıcılığına da xüsusi yer ayrılıb. Burada Məhsəti Gəncəvi ilə yanaşı, öz dövrünün sayılıb seçilən digər qadın sənətkarların da heykəlləri var ki, onlardan biri də Doktəri Xətibi Gəncəvidir.
Xəlil Yusifli Gəncə xətibinin qızı barədə bu faktları qeyd edib:
“Bir sıra alim və tədqiqatçılar hesab edirlər ki, Doktəri Gəncəvi Gəncə xətibi Tacəddin Əmir Əhmədin bacısı, Məhsəti Gəncəvinin də baldızıdır. Çünki, tarixi mənbələr Əmir Əhmədlə Məhsəti Gəncəvinin ər-arvad olduğunu təstiqləyir”.
Qısa zamanda parkda heykəli ucaldılan şəxsiyyətlər barədə ayrıca monoqrafiyaların çap olunması da nəzərdə tutulur. Bu, onların həyat və fəaliyyətinin dərindən öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Tədbirin sonunda “Sələflər və xələflər” parkının inşasında göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.