Bir neçə ay əvvəl Bakının Mehdiabad qəsəbəsində yeni salınmış şəhərciyə köçürülmüş məcburi köçkünlərin bir qismi Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsini (QMKDK) məhkəməyə verməyə hazırlaşır. Buna səbəb dövlət vəsaitləri hesabına məcburi köçkünlər üçün tikilən binalarda mənzillərin bölüşdürülməsində qanunvericiliyin tələblərinin pozulmasıdır. Əsasən, Zəngilan və Ağdam rayonlarından olan məcburi köçkünlər iddia edirlər ki, mənzillərin bölüşdürülməsi zamanı ailə üzvlərinin sayı ilə yanaşı bu ailələrdə qız və oğlan uşaqlarının olması da nəzərə alınmalı idi. Ancaq QMKİDK qanunun bu tələblərini pozaraq mənzilləri ailə üzvlərinin ümumi sayına uyğun şəkildə bölüşdürüb. Bundan başqa, məcburi köçkünlər bildirirlər ki, otaqlar püşkatma yolu ilə həyata keçirildiyindən bəzi ailələrə sahəsi böyük, ailə üzvlərinin sayı çox olanlara isə əksinə, kiçik ölçülü mənzillər verilib.
Bəs, məcburi köçkünlər bu iddialarında nə dərəcədə haqlıdır? Ümumiyyətlə, bu cür binalarda mənzil bölgüsü hansı prinsiplərə əsaslanır?
Lent.az-ın əməkdaşı bu məsələni araşdırarkən ayrı-ayrı dövlət qurumlarının öz işçiləri və imtiyazlı ailələr üçün inşa etdiyi bu tip mənzillərin bölüşdürülməsində fərqli üsul və qaydalardan istifadə edildiyini müəyyənləşdirib. Xatırladaq ki, Azərbaycanda imtiyazlı şəxslər, o cümlədən məcburi köçkünlər, müharibə veteranları və əlillər, hərbi qulluqçular üçün xüsusi yaşayış kompleksləri tikilir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillər və şəhid ailələri, QMKİDK məcburi köçkünlər, Müdafiə Nazirliyi hərbi qulluqçular, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neftçilər, Azərbaycan Yazıçılar Birliyi şair və yazıçılar üçün sosial mənzillər tikir. Lakin mənzillərin hansı prinsiplərlə bölüşdürüldüyü, bu prinsiplərin mövcud qanunvericiliyə nə dərəcədə uyğun olduğu mübahisə və narazılıqlarla müşahidə olunur. Elə Mehdiabadda dövlət vəsaiti hesabına tikilmiş yeni binalara yaşayan köçkünlər də mənzillərin hansı normativ qaydalar əsasında verildiyini bilmək istəyir. Onlar əsas narazılığı budur ki, mənzillərin bölüşdürülməsi zamanı ailələrdəki kişi və qadın üzvlər arasında fərq qoyulmayıb. Belə ki, ata-ana, bir qardaş və bir bacıdan ibarət ola ailələrə də ikiotaqlı mənzil verilib, hamısı qadın olan 4 nəfərli ailəyə də. Halbuki, 4 nəfərlik ailədə üzvlər ata, ana, bir qardaş və bir bacı olduqda həmin ailəyə 2 deyil, 3 otaqlı mənzil verilməlidir.
QMKİDK-də isə mənzillərin ailə üzvlərinin sayı əsasında bölüşdürülməsinin qanunazidd olmadığı qənaətindədirlər. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirib ki, dövlət qurumlarının imtiyazlı ailələr üçün inşa etdiyi çoxmənzilli yaşayış binaları və fərdi mənzillər sosial mənzil kateqoriyasına aid edilir. Yəni həmin yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aiddir. Bu isə o deməkdir ki, belə mənzillərin ailələr arasında bölüşdürülməsi qaydaları konkret qanunvericiliklə deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təlimatlara əsaslana bilər.
Elçin Qədimov bildirib ki, məcburi köçkünlər üçün tikilən binalarda mənzillərin paylanması məhz komitənin özünün müəyyən etdiyi qaydalara uyğun olaraq, ailə üzvlərinin ümumi sayına əsaslanır. Ancaq onun sözlərinə görə, müstəsna hallarda digər prinsiplər də nəzərə alınır. Məsələn, ailə ata, ana, qız və oğlan olmaqla 4 nəfərdən ibarətdirsə və oğlan nişanlıdırsa, qız isə ailəli deyilsə, bu ailəyə müstəsna hal kimi 3 otaqlı mənzil verilə bilər.
Qaydasız bölgü
ARDNŞ-də isə neftçi ailələri üçün inşa edilən binalarda mənzil bölgüsü üzrə xüsusi bir qayda yoxdur. Belə ki, şirkət bu məsələdə fərdi yanaşmalara daha çox üstünlük verilir. Şirkətin mətbuat xidmətində bildirirlər ki, əsas məsələ mənzillərin bölüşdürülməsində sosial ədalət prinsiplərinin gözlənməsidir. Bu prinsiplər isə növbətçiliyə əsaslanır. Belə ki, şirkətin öz işçiləri üçün inşa etdiyi binalarda mənzillər yalnız qeydiyyat üzrə növbəlilik əsasında verilir. Yəni şirkətin idarə və müəssisələrində çalışan işçilər pulsuz mənzillərdən pay almaq istəyirsə, növbəyə durmalıdır və binaların tikintisinin sürətindən asılı olaraq, onlar növbələri çatdıqda yeni mənzillərlə təmin olunurlar”.
Yaşayış sahəsi müxtəlif olan mənzillərin neftçi ailələri arasında necə bölünməsinə gəlincə, ARDNŞ-də deyirlər ki, bu məsələdə əsas şərt ailələrin say tərkibidir. Belə ki, ailədə üzvlərin sayı 2 nəfər olduqda onlara 1 otaqlı, 4 nəfər olduqda 2 otaqlı, 6 nəfərlik ailələrə 3 otaqlı, üzvlərin sayı 6-dan çox olduqda isə 4 otaqlı mənzillər verilir.
9 kvadratmetrə sığışan əlillər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də 1997-ci ildən Qarabağ müharibəsi və Çernobıl əlilləri, eləcə də şəhid ailələri üçün mənzil tikintisi ilə məşğuldur. İlk illər Bakıətrafı kənd və qəsəbələrdə inşa olunan 16 və 32 mənzilli binalar sonradan regionlarda da dəb halını alıb. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, 1997-ci ildən bəri 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi dövlət büdcəsi hesabına mənzillərlə təmin olunub. Təxminən 3000-ə yaxın ailə isə hazırda mənzil növbəsindədir.
QMKİDK və ARDNŞ-dən fərqli olaraq, nazirliyin sifarişi ilə tikilən binalarda mənzillərin bölgüsü xüsusi komissiya tərəfindən tamamilə başqa qaydada aparılır. Belə ki, mənzillər növbəlilik əsasında işçi qrupları tərəfindən əlil və şəhid ailələrinin mənzil-məişət şəraiti yerindəcə öyrənildikdən sonra tərtib olunmuş müvafiq aktlara uyğun paylanır. Mənzillərin bölüşdürülməsini planlaşdıran komissiyada isə nazirliyin məsul işçiləri ilə yanaşı müvafiq rayonların icra hakimiyyəti başçılarının müavinləri və ictimai təşkilatların nümayəndələri də təmsil olunur.
O ki qaldı nazirliyin tikdirdiyi mənzillərin hansı prinsiplərlə bölüşdürülməsinə, burada yaşayış sahəsi hər bir ailə üzvü üçün 9 kvadratmetrdən hesablanır. Belə ki, əlil və ya şəhid ailəsində üzvlərin sayı 5 nəfərdirsə, mənzilin yaşayış sahəsi 45 kvadratmetr olmalıdır.
Qanunun tələbi nə?
Ekspertlər isə bildirirlər ki, hər üç dövlət qurumunun mənzil bölgüsü üzrə qaydalarının qanunvericiliyin tələblərinə ziddir. Çünki Mənzil Məcəlləsinə əsasən, hazırda Azərbaycanda adambaşına minimum 18 kvadratmetr mənzil düşməlidir. Amma faktiki olaraq, Azərbaycanda bu göstərici 12 kvadratmetrdən hesablanır. Halbuki, inkişaf etmiş ölkələrin əksəriyyətində minimum yaşayış sahəsinin adambaşına düşən həddi 18 kvadratmetr təşkil edir.
Tanınmış hüquqşünas Müzəffər Baxışov deyir ki, əslində adambaşına düşən mənzil normasının dünyada ən aşağı səviyyədə olması daha çox milli qanunvericilikdəki boşluqlardan asılı olan məsələdir. Onun sözlərinə görə, bu məsələlər bir qayda olaraq, Mülki və Mənzil məcəllələri ilə tənzimlənməlidir: “Amma yeni Mənzil Məcəllədə minimum yaşayış sahəsinin normaları barədə müddəa yoxdur. Əslində isə dövlət vəsaiti hesabına aztəminatlı ailələrə və imtiyazlı şəxslərə tikilən mənzillərin ölçüləri daha kiçik olur. Lakin bu, həmin mənzilləri tikənin yox, qanundakı boşluqların günahıdır”.
Müzəffər Baxışov bildirir ki, vətəndaşlara pulsuz mənzil verilməsini nəzərdə tutan və bunu tənzimləyən hüquqi-normativ aktlar yoxdur. Onun sözlərinə görə, sovet dövründən qalmış Mənzil Məcəlləsi bu yaxınlaradək qüvvədə olub və Nazirlər Kabineti bunun əsasında mənzil yaşayış sahələri barədə hüquqi normalar hazırlamışdı: “Ancaq minimum mənzil normaları da artıq ləğv olunub. Bu yaxınlarda isə hökumət elan etdi ki, Azərbaycanda adambaşına minimum mənzil sahəsi 12 kvadratmetrdən 18 kvadratmetrə qaldırılıb. Ancaq bunun reallıqda nə qədər olduğu hələ məlum deyil”.
Mənzillərin bölgüsü prinsiplərinə gəlincə, hüquqşünas hesab edir ki, bu məsələdə qanunvericiliyin tələbləri pozulur. Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, ailədə bir qız, bir oğlan varsa, o zaman həmin ailə 3 otaqlı mənzillə təmin olunmalıdır: “Yəni ata-ana, qız və oğlan üçün ayrı-ayrı otaqlar verilməlidir”.
Maraqlıdır, belə olan halda məhkəmə QMKİDK-yə qarşı iddia qaldırmağa hazırlaşan məcburi köçkünlərin şikayətini təmin edə bilərmi?
Müzəffər Baxışov məcburi köçkünləri bu məsələdə haqlı saysa da, məhkəmənin onların xeyrinə qərar çıxaracağına inanmır. Onun sözlərinə görə, məhkəmələr dövlət orqanına qarşı irəli sürülən bu tip şikayətləri bir qayda olaraq rədd edir.
Komitənin mətbuat xidmətinin rəhbəri isə məcburi köçkünlərin bu şikayətini ümumiyyətlə, əsasız sayır. Elçin Qədimovun sözlərinə görə, məcburi köçkünlərə tikilən mənzillər onlara müvəqqəti yaşayış sahəsi kimi verilib və bu, onların şəxsi mülkü sayılmır. Bu səbəbdən də məcburi köçkünlər məhkəmədə iddia qaldırsa belə, şikayət haqsız olduğundan icraata götürülməyəcək.