Gənc alimlər seçkidə İlham Əliyevi dəstəkləyəcək
10 iyul 2013 13:07 (UTC +04:00)

Gənc alimlər seçkidə İlham Əliyevi dəstəkləyəcək

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc alimlərin ümumi yığıncağı keçirilir. Lent.az-ın məlumatına görə, gənc alimlərin nailiyyətləri və problemləri, onlara göstərilən dövlət qayğısı barədə geniş məlumatlar AMEA-nın prezidenti akademik Akif Əlizadə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və akademiyanın bütün elmi müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırılıb.

Yığıncaqda AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru İlqar Orucov akademiyanın gənc alimlərinin son 5 ildəki uğur və nailiyyətləri barədə hesabatla çıxış edib. O bildirib ki, gənc alimlər Azərbaycanda və xaricdə mötəbər beynəlxalq konfrans, seminar və layihələrdə iştirak edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirir. İ.Orucov qeyd edib ki, son illər ərzində Azərbaycan elmi cavanlaşıb: “Ölkəmizdə dissertasiya müdafiə edən, doktoranturaya daxil olan gənclərin sayı artmaqdadır. Azərbaycanda texniki elmlər sahəsində müdafiə edən gənclərin sayı az olsa da, humanitar sahədə müdafiə edən gənclərin sayı çoxdur”.
İ.Orucov “Elm siyasəti haqqında” qanunun qəbulunun zəruriliyni vurğulayıb. GİİM-in rəhbəri bu sənədin gənc alimlərin sosial problemlərinin həlli, o cümlədən fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinə görə verilən əlavə vəsait məbləğinin, həmçinin ekspedisiyalara ayrılan maliyyənin artırılmasına müsbət təsir göstərəcəyinə ümid etdiyini deyib. İ.Orucov Elm Gününün təsis olunmasının da əhəmiyyətini vurğulayıb, bu barədə dövlətə müraciətin zəruriliyini ifadə edib.
Natiq alimlərin mənzil təminatının da aktual problemlərdən olduğunu deyib. O qeyd edib ki, elmi dərəcəsi olan şəxslər güzəştli ipoteka krediti almaq imkanından lazımınca yararlana bilmirlər. Prezidentin ehtiyat fondundan vəsait ayrılması alimlər üçün çoxmənzilli binanın tikilməsi probleminin həllində yardımçı ola bilər. İ.Orucov doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi təşəbbüsünü də irəli sürərək, bunun elmin inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib.

Tədbirin davamında AMEA prezidenti Akif Əlizadə çıxış edərək bildirib ki, Azərbaycanda modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxıb. Onun sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində ölkə gəncliyinin üzərinə böyük vəzifələr qoyulur.


Hazırda tədbir davam edir. Tədbirin sonunda bu il keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlər adından bəyanat layihəsi, həmçinin ümumi yığıncaqla bağlı qərar layihəsi oxunaraq qəbul olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar