Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 28-də Qobustan rayon Gənclər Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Nazirlikdən Lent.az-a verilən xəbərə görə, görüşdə Rayon İH-nin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən nazir qlobal iqtisadi böhranın yaşandığı bir şəraitdə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən və sabit inkişafından bəhs edib.
Nazir ölkə başçısının verdiyi tapşırıqlara əsasən məqsədyönlü islahatların həyata keçirildiyini, respublikamızın sosial-iqtisadi inkişafına mane olan amillərin aradan qaldırıldığını, anti-böhran tədbirlərinin müsbət nəticələrini, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması və s. işləri qeyd edib.
Görüşdə həmçinin, korrupsiya hallarının aradan qaldırılması üzrə dövlət başçısının qəti iradəsi ilə həyata keçirilən tədbirlərə toxunulub, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti bərqərar edilməklə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunduğu bildirilib, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların məmnunluğunun yüksəldilməsinin əsas vəzifə olduğu vurğulanıb.
Rayon İcra hakimiyyətinin başçısı A.Məmmədov ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, habelə insanlarının rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Çıxış edən ictimaiyyət nümayəndələri prezidentin dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər anti-böhran tədbirlərini alqışladıqlarını söyləyərək ölkədəki ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan razılığını bildiriblər.