İyunun 28-də Qəbələ şəhərində “Gənc xilasedici” IV Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinə start verilib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, FHN-nin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları, əvvəlcə, Bakı şəhərində Fəxri Xiyabana gələrək Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, iyulun 3-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 10 rayon və şəhərin komandaları güclərini sınayırlar.