FHN Akademiyasında soyqırımı qurbanları anılıb
30 mart 2016 18:17 (UTC +04:00)

FHN Akademiyasında soyqırımı qurbanları anılıb

 

 

Martın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilib.

 

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə, tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Toplantını giriş sözü ilə açan FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs edib. O bildirib ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 31 mart 1918-ci il qətliamı nəticəsində Azərbaycan ərazisində on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni daşnak birlikləri tərəfindən qəddarlıqla qətlə yetirilib, məscidlər, məktəb binaları yandırılıb.

 

Toplantıda qeyd olunub ki, Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq on səkkiz ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

 

Sonra Akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov “Soyqırımı azərbaycanlılara qarşı törədilmiş amansız cinayətdir” və Humanitar fənlər kafedrasının baş müəllimi Fizuli İbrahimzadə “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımı və təcavüzkarlıq siyasəti” mövzusunda çıxışlar ediblər.

 

Tədbirin sonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

APA Baycan

Oxşar yazılar