“Ermənistan əhalisinin 76 faizi gündə 5 ABŞ dollarından az pul xərcləyir”.
APA-nın məlumatına görə, bu barədə Dünya Bankının hesabatında bildirilib. Ermənistanın “168 jam” qəzetinin yazdığına görə, Dünya Bankında gündə 5 dollardan az pul xərcləyən insanlar yoxsul hesab edilirlər. Qəzetdə qeyd olunur ki, Dünya Bankı yoxsulluq meyarını iki göstərici ilə müəyyənləşdirir: Birincisi günə 2,5 dollar, ikincisi günə 5 dollar xərcləmək.
2,5 dollar göstəricisinə görə, 2014-cü ildə Ermənistanda yoxsulluğun səviyyəsi 26 faiz olub. 5 dollar göstəricisinə görə isə əhalinin 76 faizi yoxsuldur və bu, əhalinin ¾ hissəsini təşkil edir.
Qəzet qeyd edir ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanda yoxsulluğun səviyyəsi 2014-cü ilin sonunda ölkə əhalisinin 30 faizini əhatə edib.