11 ayın Sultanı - Ramazan
06 iyul 2016 12:38 (UTC +04:00)

11 ayın Sultanı - Ramazan

 

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. İslam təqvimində (hicri təqviminə görə 9-cu ay) Ramazan ayı digər aylarla müqayisədə daha fəzilətli, kəramətli, şərifətlidir. Əbəs yerə Ramazan “11 ayın sultanı” adlandırılmır. İslamın sütun təməli hesab olunan “Qurani-Kərim” məhz bu ayda endirilmişdir. Ramazan ayını vacib edən digər bir cəhət, dinimizin təməl ibadətlərindən hesab edilən - insanı nəfsi əsarətdən, maddi istəklərdən çəkindirən - orucun məhz bu ay içində tutulmasıdır. Uca Allah (c.c) Quranda “... Kim Ramazan ayına çatsa oruc tutsun" (Bəqərə surəsi, 185. ayə) buyuraraq, Ramazanda oruc tutulmasını vacib etmişdir. Müsəlmanlar bu ayı fürsət bilməli, əllərindən gəldiyi qədəriylə ibadət edərək, günahlardan təmizlənmək üçün səy göstərməlidir. Məhəmməd peyğəmbərin (s.ə.s) hədislərinin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa - o, Allah üçündür, əvəzini də Allah verir.

İnsan oruc tutmaqla öz iradəsinin mükəmməlliyini sınayır. Oruc tutan insan maddi və mənəvi üstünlüklərə sahiblənir. Oruc yalnız ac qalmaq demək deyildir. Bir insanı məcburi şəkildə ac-susuz qalmağa təhrik etmək qeyri-mümkündür.  Oruc səbr, şükür, bütövlükdə isə nəfs tərbiyəsidir. Bu səbəbdən bir hədisi-şərifdə “Hər şeyin bir qapısı vardır. İbadətin qapısı isə orucdur” (İbni Mübarək) - deyə buyrulmuşdur. Oruc imandandır, imanın qüvvətindən, insanın maddi və mənəvi baxımdan psixoloji hazırlığından asılıdır. Orucda saysız-hesabsız faydalar vardır. Hər şeydən öncə, oruc möminin ruhunun tərbiyəsi, səbr və iradəsinin sınağıdır. Oruc  bir çox xəstəliklərin müalicəsinin başlıca açarıdır. Orucun sinir sistemi, həzm sistemi, qanın yenilənməsi və s. kimi orqanizm üzərindəki həyati önəm daşıyan təsirləri müasir tibbin qəbul etdiyi danılmaz faktlardır.

Mənəvi cəhətdən orucun təsiri isə kamilləşmə ilə bağlıdır. Aclığı yaşamayan, acın halını bilməz. Müqəddəs Ramazan ayı insanlara bu baxımdan örnək olmaqla onun ruhi rahatlığı, daha çox şükranlığı, hər cür yalan və böhtandan uzaq olması, ehtiyacı olanlara əl tutması, maddi və mənəvi dəstək nümayiş etdirməsi üçün imkan yaradır. Yaradan insanlara oruc tutmağı vacib bilməklə onların maddi, ruhi dincliyini istəmişdir. Yəni oruc insanı ruhi-mənəvi baxımdan yenidən bərpa edir, kamilləşdirir.

Azərbaycan Respublikası bütün dini etiqadları və etnik azlıqları təşviq etməklə dinlərarası, millətlərarası dialoqun kəsişdiyi tolerant bir məkan kimi öz varlığını təsdiqləmişdir.  Ölkənin ən ucqar bölgələrində belə müxtəlif dinlərə məxsus dini abidələrin qorunub saxlanılması, bərpası istiqamətində görülən işlər dövlətin  tolerantlığa verdiyi əvəzsiz qiymətdir. Respublikamızda mövcud tolerantlığın ən əsaslı isbatı ölkənin ana qanunu, hüquqi təməli hesab olunan Konstitusiyada dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunmasıdır. Ölkəmizdə islam dini-ənənələri geniş yayılmışdır. Əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir.  Ramazan bayramı Respublikamızda Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən hər il dövlət səviyyəsində qeyd olunur. Prezidentin Ramazan ayı münasibətilə iftar mərasimində iştirakı, müxtəlif dini icmaların nümayəndələri ilə görüşü artıq ənənəvi hal almışdır. 2016-cı il “Multikulturalizm ili” çərçivəsində Azərbaycan bütün İslam aləmi üçün vacib olan gözəl bir ənənənin əsasını qoydu. 2016-cı il yanvarın 15-də Bakıda Heydər məscidində vəhdət namazının qılınması - məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar etməsi – dünyaya, bütün İslam aləminə nümunə ola biləcək addım idi. Heydər məscidindəki bu təcrübə olduqca mühüm bir ənənənin əsasını qoymaqla, həm də ölkəmizdə İslam dininə olan sevgi və hörmətin əməldə təsdiqini nümayiş etdirdi.  Qurani-Kərimdə də deyildiyi kimi, "həqiqətən, bütün müsəlmanlar bir-birinə qardaşdırlar".

Qarşıdan gələn bu Müqəddəs bayramın bütün İslam aləminə xeyirlərə və maddi-mənəvi inkişafa vəsilə olmasını diləyirik. Daha neçə belə bayramlara çatmaq diləyilə! Ramazan Bayramımız Mübarək!

Nailə Məmmədova

 “Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar