Elmin İnkişafı Fondu 2 xüsusi layihəsinin nəticələrini təqdim etdi
14 may 2015 14:35 (UTC +04:00)

Elmin İnkişafı Fondu 2 xüsusi layihəsinin nəticələrini təqdim etdi

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

 

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, Elmin İnkişafı Fondunun Himayədarlar Şurası və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, bir sıra ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması nəzərdə tutulub və 2014-cü ilin 3 noyabr tarixində ilk dəfə olaraq “Universitet qrantı” müsabiqəsi elan edilib. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 910 min manat manat nəzərdə tutulub.

 

Müsabiqəyə 37 layihə daxil olub, layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub, ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Nəticələr Elmin İnkişafı Fondunun Himayədarlar Şurasında ciddi müzakirələrdən keçib, ümumi maliyyələşdirilmə həcmi 890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Dövlət Neft Akademiyası (4 layihə),  Azərbaycan Tibb Universiteti (3), Azərbaycan Dövlət Aqrar Universiteti (2), Azərbaycan Dövlət İqtisad Universiteti (1) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (1) yerinə yetiriləcək.  Layihələr 12, 18 və 24 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə ali təhsil müəssisələrində çalışan yüksək səviyyəli 68 alim və mütəxəssis məşğul olacaq. Layihə rəhbərlərindən 1 nəfəri qadındır, 2 layihə isə Gəncə şəhərində yerinə yetiriləcək. 

 

Təhsil Nazirliyi “Universitet qrantı” müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.

 

“Sənaye qrantı” müsabiqəsi Fond tərəfindən 2014-cü ilin 27 oktyabr tarixində elan edilib və bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 500 min manat nəzərdə tutulub. Müsabiqəyə 38 layihə daxil olub, layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub, Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər layihələri qiymətləndirib, son nəticələr isə Fondun Himayədarlar Şurası tərəfindən müzakirə edilib. Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat və digər qurumlardan, QHT-lərdən, sənaye ilə əlaqəli qurumlardan alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edib.

 

İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.

 

Ümumi maliyyələşdirmə həcmi 480 min manat olmaqla 6 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (1), AMEA Aşqarlar Kimyası institutunda (1), AMEA Kataliz və Qeyri-üzvi Kimya institutunda (2), AMEA Təcrübə-Sənaye zavodunda (1) və AMEA Neft-Kimya Prosesləri institutunda (1)  yerinə yetiriləcək.  Layihələr 12 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə 37 alim və mütəxəssis məşğul olacaq. Layihə rəhbərlərindən 1 nəfəri qadındır. Bir sıra layihələr digər qurumlar ilə (AMEA Geologiya və Geofizika institutu, “İSRA-Group” MMC) birlikdə yerinə yetiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar