Son günlərdə səhhətində ciddi problemlər yaşanan Azərbaycanın jurnalisti, teleqraf.az saytının redaktoru Nicat Dağların müalicəsinə dəstək veriləcək. Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Şura sədri deyib ki, jurnalistin səhhətində yaranan problemlərlə bağlı dəfələrlə onun özü ilə söhbətləri olub: “Nicat özü bu xəstəliyi ciddi hesab etmirdi. Ancaq, bu gün eşitdim ki, onu Gürcüstana aparıblar və həyatı təhlükədədir. Biz onun müalicəsi üçün Mətbuat Şurası olaraq öz töhfəmizi verəcəyik. Bu, sırada birinci mənim adım yazılacaq, KİV rəhbərlərinə də müraciət edəcəyik. Əlimizdən gələn hər şeyi edəcəyik ki, Nicat Dağları xilas edək”.
Qeyd edək ki, Nicat Dağların səhhəti iki həftə öncə qəfildən pisləşib, onda öncə daxilə, daha sonra xaricə nüfuz kəllədaxili qanaxmalar müşahidə edilib. İlkin müayinələri zamanı onun qara ciyərinin və dalağının normadan 2 dəfədən də artıq böyüdüyü, ciddi zədə aldığı aşkarlanıb. Vəziyyəti ötən həftə daha da ağırlaşdığı üçün Gürcüstana aparılıb.
Nicat Dağlara dəstəyin hansı formada həyata keçirilməsi ilə bağlı əlavə məlumatlar veriləcək.