Əcnəbilər məcburi dövlət sosial sığortasından azad ediləcəklər
18 aprel 2016 17:25 (UTC +04:00)

Əcnəbilər məcburi dövlət sosial sığortasından azad ediləcəklər

 

Aprelin 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

 

Mili Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda çıxış edən komitənin sədri Hadi Rəcəbli bildirib ki, iclasın gündəliyinə “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi gözlənilir. Ölkədə müxtəlif sahələrdə həyata keçirilən islahatlar barədə danışan komitə sədri diqqətə çatdırıb ki, qanuna təklif olunan bu dəyişiklik də həmin islahatların tərkib hissəsidir.

Məsələ barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Rövşən Muradov deyib ki, qanuna təklif olunan bu dəyişiklik Prezident İlham Əliyevin Qaradağ Sənaye Parkının yaradılması haqqında 3 iyun 2015-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.  Belə ki, qanunun “Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər” adlı 12-ci maddəsinə ediləcək dəyişiklikdən sonra müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılmış sənaye parkında fəaliyyətə cəlb edilmiş   əcnəbilər məcburi dövlət sosial sığortasından azad ediləcəklər.

 

İclasda çıxış edən deputatlar Aytən Mustafayeva, Rauf Əliyev, İlham Məmmədov, Araz Əlizadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova təklif olunan dəyişikliyi yüksək qiymətləndiriblər. Sonra sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 

Bildirək ki, iclasda hazırda üzərində iş gedən “Turizm haqqında” Qanun layihəsi barədə də fikir mübadiləsi aparıldı, deputatların fikirləri dinlənilib. İclasın sonunda qanun layihəsi üzərində işin davam etdirilməsi qərara alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar