"Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarında müşahidə kameralarının olması qəzaların, qayda pozuntularının və oğurluq hadisələrinin üstünün açılmasına kömək edir". Lent.az avtosfer.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fərhad Eyyubov bildirib. Onun sözlərinə görə, dünyanın əksər dövlətlərində bu təcrübə var:
"Sahibkar kamera vasitəsilə sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsinə, sərnişinlərlə münasibətinə, ümumiyyətlə, avtobusda baş verənlərə tam nəzarət edə bilir. Yol polisi isə həmin kameraların köməyi ilə hansısa qayda pozuntusunun, qəzanın baş verdiyi halda tam və daha dəqiq araşdırılma apara bilir. Ümumilikdə isə avtobuslarda baş verən oğurluq və digər neqativ hallara qarşı mübarizədə bu kameraların köməyi əvəzsizdir".
Fərhad Eyyubov avtobus sürücülərini nizam-intizamlı olmağa çağırıb: "Yol polisi avtobuslarla bağlı çox ciddi tədbirlər görür. Çox istəyirik ki, bütün sürücülər "Yol hərəkəti haqqında" qanunun tələblərinə əməl etsinlər, qaydalara uyğun hərəkət etsinlər. Əks halda, heç kimə güzəşt olunmayacaq və cərimə ediləcək".
Rəis müavini sonda bildirib ki, avtobus şirkətlərinin öz işini qaydaya salması, müasir texnika və texnologiyyalardan istifadə etməsi yol polisi tərəfindən alqışlanır və bütün bu işlər sərnişinlərə keyfiyyətlə xidmət göstərməyə hesablanmış addımlardır.