"Hazırda Azərbaycanda təxminən 13-14 sayda dondurma istehsalı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. Dondurma istehsalı ilə məşğul olan bu müəssisələr artıq neçə ildir fəaliyyət göstərir. Amma yeni açılan müəssisələr qanunvericilik üzrə lisenziya almaq üçün yoxlanma aparılması ilə bağlı müraciət etməlidir. Qida müəssisələrində yoxlama aparılması ilə bağlı qanunda dəyişiklik edildiyi üçün bu müəssisələrlə bağlı heç bir müraciət ya şikayət daxil olmadığı halda öz təşəbbüsümüzlə yoxlanış apara bilmirik ”.
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, bu il ərzində fəaliyyəti dayandırılmış dondurma sexi olmayıb :“Yoxlanma aparılmış dondurma müəssisələrində elə bir ciddi nöqsan aşkar olunmayıb. İndi əvvəlki illərdən fərqli olaraq yoxlanmanın aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında qanunun dəyişdirilmiş tələblərinə uyğun aparılır. Bu tələblərə görə isə, istər dondurma sexləri, istərsə də digər qida müəssisələrində yoxlama planlaşdırıldığı üçün aparılır. Qalan hallarda plandan kənar yoxlamalar yalnız o müəssisə haqqında hansısa müraciət daxil olduğu halda aparılır, ya da plan üzrə yoxlama zamanı nöqsanlar aşkar olunduğu üçün təkrar yoxlamalar təşkil edilir. Hüquqi, fiziki şəxslərdən hər hansı müraciət daxil olduğu halda müraciətdə göstərilən faktlar yoxlanıla bilər ”.
İmran Abdullayev bu il ərzində bir neçə dondurma müəssisəsinin sahibkarlarının sanitar vəziyyətin yoxlanışı üçün müraciət etdiyini və yoxlanma zamanı xüsusi nöqsan aşkar edilmədiyini də bildirib.
Sərinləşdirici içki istehsalı ilə bağlı Mingəçevir bölgəsi üzrə bir şikayət faktının olduğunu qeyd edən İ. Abdullayev həmin müəssisə ilə bağlı araşdırma aparıldığını və artıq hüquq-mühafizə orqanlarına məlumat verildiyini deyib.
Toyuq dönərlərinin satışı ilə bağlı qadağanın hələ də qüvvədə olduğunu bildirən İ. Abdullayevin sözlərinə görə, xüsusi orqanlar tərəfindən dönərxanalarda aparılan yoxlama prosesi davam edir.