"Yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinlərinin hamısı gün ərzində müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək".
Bunu APA-ya açıqlamasında prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov deyib.
A. Şərifov qeyd edib ki, həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək.
Yanğın zamanı həyatını itirən şəxslərin dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağını bildirən A. Şərifov yanğında xəsarət almış şəxslərin müalicəsinin də diqqət mərkəzində olacağını vurğulayıb.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.