“Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə “donuz qripi” qeydə alınsa, Səhiyyə Nazirliyi bunu heç vaxt gizlətməz, əksinə açıqlayar”. Bunu APA-ya açıqlamasında Azərbaycanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev deyib.
O bildirib ki, Azərbaycanda baş verən hər hansı yoluxucu xəstəliyi beynəlxalq aləmdən gizlətmək mümkünsüzdür: “Ümumdünya Səhiyyə Təşkilatının bütün dünyada, o cümlədən də Azərbaycanda nümayəndəliyi var. Biz hansı məqsədlə “donuz qripi”ni gizlədə bilərik? Biz ölkənin düşməni deyilik. Yenə deyirəm bunun gizlədilməsi mümkünsüzdür. Bu gün Respublika Taun Əleyhinə Stansiyasında "donuz qripi" ilə mübarizəd üçün hər cür şərait yaradılıb”.
İ. Ağayev qeyd edib ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb.
Qeyd edək ki, “donuz qripi” ilə əlaqədar Azərbaycanın rayonlarındakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb.
Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə “donuz qripi” xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.