Çoxmənzilli yaşayış binalarının su təchizatı sistemi yenidən qurulur
20 iyun 2013 16:56 (UTC +04:00)

Çoxmənzilli yaşayış binalarının su təchizatı sistemi yenidən qurulur

Zirzəmilərdə yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz içməli su ilə təmin olunması, su itkilərinin və israfçılığın qarşısının alınması, uçotun düzgün qurulması məqsədilə çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlayıb.

 

Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları ərazisində həyata keçirilmiş pilot layihələrin müsbət nəticələri əsas götürülərək yeni layihələrin icrasına start verilib.

 

Çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemlərinin tamamilə yenidən qurulmasına hesablanmış layihələr çərçivəsində ilkin mərhələdə Bakı şəhərinin rayonları, Sumqayıt və Xırdalan şəhərində 787 binanın su təchizatı sisteminin yenidən qurulması nəzərdə tutulub və artıq 100-dən çox binada işlər başa çatdırılıb, 400-dən çoxunda isə davam etdirilir. Bu layihə 60 minə yaxın mənzili əhatə edəcək. Layihə çərçivəsində həmin binalarda yaşayan əhalini içməli su ilə təmin edən  və uzun müddətdir istismarda olan metal borulardan ibarət magistral xətlər  polietilen borularla əvəzlənəcək. Zirzəmilərdə yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır. Layihəyə uyğun olaraq, hər bir abunəçi ön ödənişli smart-kart sayğacla təmin olunur. Sayğacların pilləkən qəfəslərinə çıxarılması onların nəzarətdə saxlanmasına imkan verir və texniki xidməti asanlaşdırır. Bunlarla yanaşı, yanğından mühafizəni asanlaşdırmaq üçün binalarına qarşısında yanğın hidrantlarının quraşdırılması da nəzərdə tutulur.

 

Qeyd edək ki, bu layihə çərçivəsində sayğacların quraşdırılması əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına pulsuz həyata keçirilir. Qeyri-əhali istehlakçıları isə sayğacların dəyərini ödəməlidir. Yenidənqurma işləri nəticəsində binaların zirzəmilərinə su sızmalarının qarşısı tam alınıb, su sərfiyyatı 2 dəfəyə qədər azalıb, itkilər demək olar ki, sıfıra düşüb. Eyni zamanda smart-kart tipli sayğacların quraşdırılması ilə su təchizatı və tullantı sularının axıdılmasına görə  xidmət haqlarının ödənilməsi 100 faiz təmin olunub və debitor borcların əksər hissəsi yığılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar