“Teatrsevərləri, teatrda çalışanları Milli Teatr günü münasibətilə təbrik edirəm və hər kəsi yeni tamaşanın premyerasına dəvət edirəm. Bu tamaşa 3 gün oynanılacaq. Səhnə əsəri görkəmli nasir, dramaturq Elçin Əfəndiyevin “Baladadaşın toy hamamı” hekayəsi əsasında hazırlanıb. Musiqili, əyləncəli, zarafaotla zəngin tamaşadır”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, əməkdar artist Nahidə Orucova deyib.
O, qeyd edib ki, aktyorun əsas üstünlüklərindən biri də müşahidə qabiliyyətinin olmasıdır: “Bizdə elə aktyorlar var ki, özləri üçün oynayırlar, ətrafı hiss etmirlər. Ancaq bu belə olmamalıdır. Teatr kollektiv sənətdir. Aktyor oynadığı obrazla yaşayır. Aktyor həm də müşahidəçi olmalıdır”.
Əməkdar artist Çingiz Əhmədov da həmkarlarını və teatrları bu gün münasibəti ilə təbrik edib: “Bu gün Teatr günüdür. Bu münasibətlə böyükdən-kiçiyə hər kəsi təbrik edirəm. Aktyorlar kövrək olurlar. Bu günü premyera ilə qeyd edəcəyik. Quruluşçu rejissor xalq artisti Cənnət Səlimova, ikinci rejissor Nofəl Vəliyevdir”.
O, bildirib ki, aktyorun tamaşaçı sevgisi qazanması həm də improvizə qabiliyyətinin olmasından asılıdır: “Həkimlik və aktyorluq sənətləri pul ilə ölçülməməlidir. Xəstə üstünə gedən həkim ya onu sağaldır, ya da öldürür. Aktyor da ya tamaşaçının sevgisini qazanır, ya da yox. Çərçivədən çıxmamaq şərti ilə aktyor improvizə etməyi bacarmalıdır. Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov “Hicran” tamaşasını oynayanda bir-biri ilə küsülü idilər. Hətta bəzi məqamlarda sözlər yaddan çıxıb deyə, improvizə ediblər, amma çox maraqlı alınıb”.
Aktrisa Gülçöhrə Abdullayeva da öz növbəsində qeyd edib ki, teatrda çalışmaq fədakarlıq tələb edir: “Belə gözəl sənətkarlarla çalışmağım mənim üçün fəxrdir. Yəni, dözüb qalıblar bu sənətdə. Bizim sənət dözüm tələb edir. Bütün teatrsevərləri, eləcə də kollektivimiz başda öz olmaqla teatrda çalışanları təbrik edirəm. Bu gün bayram-bayrama qarışıb. Bu gün bizdə premyera var”.
Qonaq qeyd edib ki, musiqili tamaşada çıxış etməyin xüsusi çətinliyi var:
“Başqa teatrlarda da işləmişəm. Digər teatrlarda qanın qara olsa da, rolda bu hiss olunmaya bilər. Amma Musiqili teatrda çalışırsansa, qanın qara olsa da, gülməli və güldürməlisən. Səsin qorumaq üçün əsəbiləşməməliyik”.