Bu ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorlar tərəfindən 29,7 min turistə xidmət göstərilib. Lent.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən məlumatına görə, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur.
6 ay ərzində səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub.
Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub. Ölkə səyahət agentliklərinə müraciət edərək müvafiq yollayış almış Azərbaycan ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artıb, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.
Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 20 min nəfər olub, onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib.
2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 6,3 min nəfər olub ki, onların 21,2 faizi İsmayıllı, 19,3 faizi Qəbələ, 16,7 faizi Xaçmaz, 12,7 faizi Xəzər, 9,7 faizi Qusar, 5,4 faizi Quba, 4,5 faizi Qax və 10,5 faizi ölkənin digər şəhər və rayonlarında istirahət edib.