Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.
APA-nın xəbərinə görə, bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır.
İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.
İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
İlaxır çərşənbədə hamı 7 dəfə - ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir: “Sarılığım sənə, qırmızılığın mənə”, yaxud da “Ağırlığım odda yansın”.
Tonqal su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra isə cavan qız və oğlanlar tonqalın külünü yığıb, evdən kənar yerə atırlar. İnanca görə, bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.
Qeyd edək ki, bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.