Azərbaycanda mövcud olan bütün milli yabanı və mədəni bitkilərin genetik pasportları hazırlanacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov bildirib.
Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi institut tərəfindən on illik “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” Dövlət Proqramı hazırlanır. Dövlət Proqramının bir bölməsi də GMO məhsullarla bağlı olacaq: “İndiyədək bitkilərin qorunması, toplanması, saxlanması, istifadəsi üçün məqsədyönlülük yox idi. Dövlət Proqramı hazırlanandan sonra isə ölkədə mövcud olan yabanı və mədəni bitkilərin qorunması istiqamətində ciddi addımlar atılacaq. Bu bitkilərin yabanı əcdadları müəyyənləşdiriləcək. Bu bitkilərin çoxu dövlət qoruqlarında və milli parklardadır. Amma bu, onların keyfiyyətli qorunmasını tam təmin etmir. Dövlət Proqramı çərçivəsində bütün milli bitkilərin coğrafi diapazonluq xəritəsi ilə arealları müəyyənləşdiriləcək, təbiətdə onların qorunması məqsədli təşkil olunacaq. Bu bitkilərin nümunələri isə milli Genbankda saxlanacaq. Hər bitkinin ayrılıqda genetik pasportları hazırlanacaq və bütün genetik əlamətləri ora daxil ediləcək. Qiymətli genlər müəyyən olunacaq”.
Genetik pasportların hazırlanması milli bitkilərin oğurlanması hallarının qarşısını da alacaq: “Genetik pasportlarla bu bitkilərin Azərbaycana məxsusluğu tam sübut olunacaq. Daha heç kim bu bitkiləri öz adına çıxa bilməyəcək”.