"Artıq Binəqədi şosesində səkilərdə, xüsusi "cib"li dayanacaqlarda son tamamlanma işləri həyata keçirilir".
Bunu "APA-Economics"ə açıqlamasında "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, bu gün və ya sabah səhər saatlarından artıq yolda xətlənmə işlərinə start veriləcək: "Hal-hazırda yol nişanlarının quraşdırılması işləri aparılır. Yol nəqliyyat vasitələri üçün tam açıqdır. 1-2 günə isə artıq yolda bütün işlər yekunlaşdırılacaq".
Qeyd edək ki, Binəqədi şosesində yenidənqurma işləri 2 mərhələdə aparılıb. Birinci mərhələdə şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. Ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb.
İkinci mərhələdə isə, 2,6 km uzunluğunda yolun üçqat olmaqla, 40 min kvadratmetrdən çox hissəsi asfaltlanıb. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metrdir. Həmçinin, 1,5 metr enində yeni piyada səkiləri inşa olunub, kənarlarına isə 4 600 paqonmetr yeni səki daşları düzülüb.
Bundan başqa, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə "cib"li dayanacaqlar tikilib, avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılıb, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.
İntensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə "4-cü qapı" küçəsi ilə kəsişmədə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunun Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş və ötürmə qabiliyyətini itirmiş köhnə boru 35 metr uzunluğunda yeni boru ilə əvəz edilib, yol boyu yeni 2,8 km uzunluğunda yağış kollektoru inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədi ilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.