Binəqədi-Mehdiabad yolu yenidən qurulur
Ölkə boyu 40 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması işləri sürətlə davam etdirilir. "Azəravtoyol"dan Lent.az-a verilən məlumata görə, Bakı şəhərində bu çərçivədə icra olunan layihələrdən biri də 10.3 km uzunluğunda olan Binəqədi-Mehdiabad-Fatmayi-Goradil avtomobil yoludur. Hazırda sözügedən avtomobil yolunun 3.9-cu km-lik hissəsinin, daha dəqiqi Binəqədi-Mehdiabad hissəsinin yenidən qurulması işləri aparılır.
Binəqədi-Mehdiabad yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranmışdı. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır. Belə ki, eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb.
Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Növbəti mərhələdə yolun Mehdiabad-Goradil hissəsinin əsaslı şəkildə təmiri nəzərdə tutulub.
176