Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək.
APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim olunacaq: “Sonda hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil. Hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırdılar. Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssisin maaşı olmayacaq. İmtahanların pullu olması isə iştirakçılarının sayına təsir göstərməyəcək. Sosial ədalət nəzərə alınmaqla müəyyən təbəqələrə imtahanda iştirak etmək üçün ayrı qiymətlər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Bu ilin sonuna qədər TQDK-nı dövlət maliyyələşdirəcək. Lakin gələn il yanvarın 1-dən bizim heç bir işimizlə bağlı maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq”.