BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının “Konteynerlərə Nəzarət Proqramının illik hesabatı 2015” birgə nəşrində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə müsahibə dərc olunub.
Komitədən Lent.az-a verilən məlumatına görə, müsahibədə Dövlət Gömrük Komitəsi ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasındakı əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını və bu əməkdaşlığın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu vurğulanıb. Aydın Əliyev qeyd edib ki, Konteynerlərə Nəzarət Proqramı çərçivəsində seminarın təşkilindən tutmuş gömrük məntəqələrinə təlim səfərləri və avadanlıqla təchizata qədər mühüm işlər görülüb.
Nəzərə çatdırılıb ki, Azərbaycan Gömrük Xidməti BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mərkəzi Asiya Regional İdarəsi ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan tərəfi narkotiklərin qanunsuz dövriyyəsilə mübarizədə müxtəlif üsullardan istifadə edib ki, bu sırada yüksəkriskli malların profilləşdirilməsi, kinoloji xidmət, müxtəlif texniki vasitələr və araşdırma üsulları xüsusilə qeyd olunmalıdır.
Azərbaycan hökuməti Konteynerlərə Nəzarət Proqramının əhəmiyyətini nəzərə alaraq onu təqdir edib və bu proqramın milli gömrük qanunvericiliyinə uyğun olaraq tətbiq edilməsi üzrə Dövlət Gömrük Komitəsini milli məsul orqan təyin edib. Dövlət Gömrük Komitəsi daim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (Mərkəzi Asiya Regional İdarəsi də daxil olmaqla) dəstəyini hiss edib, vacib alətlər və avadanlıqlar Dövlət Gömrük Komitəsinə verilib. Qanunsuz dövriyyə ilə mübarizədə mühüm olan təhlükəli materiallar və digər qanunsuz malların sürətli müəyyənləşdirilməsinə yardım etmək məqsədilə bir çox sahələrdə ixtisaslaşdırılmış təlimlər təşkil olunub. Əlavə olaraq, peşəkarlığı, biliyi, bacarığı artırmaq və yüksələn əməkdaşlığı əlaqələndirmək məqsədilə Vyana, Panama, Rotterdam, Aşqabad, Almatı və Poti limanına təlim səfərləri təşkil edilib, həmçinin Azərbaycanın Bakı və Astara şəhərlərində müxtəlif təlim kursları keçirilib.
DGK sədri Aydın Əliyev müsahibədə daha sonra vurğulayıb ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsilə mübarizə milli prioritet məsələdir. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkənin coğrafi mövqeyi və əlverişli nəqliyyat əlaqələri bu vəzifəni zəruri edir. Narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə 2013-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı Dövlət Gömrük Komitəsi tərəfindən uğurla həyata keçirilir. Gələcək illərdə beynəlxalq təşkilatlarla, digər ölkələrin müvafiq dövlət qurumları, o cümlədən Azərbaycanda bu sahədə fəal olan dövlət orqanları və təşkilatları ilə əməkdaşlığı gücləndirmək üçün planlaşdırılmış prioritetlər Azərbaycan Gömrük Xidmətinin məlumat mübadiləsini və gömrük əməkdaşlarının peşəkarlığını artıracaq, eləcə də gömrük orqanları üçün potensialın gücləndirilməsi üzrə daha çox tədbirləri qarşıya məqsəd qoyacaq.