Azərbaycanın Belarusdakı səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bu fənn üzrə təhsil alan tələbələrlə görüşüb.
Lent.az-ın məlumatına görə, görüşdə səfirə Azərbaycanın dövlət siyasəti olan multikulturalizm haqqında suallar verən tələbələr, həmçinin, Azərbaycan multikulturalizminin tarixi ənənələri ilə də maraqlanıblar.
Tələbələr səfirə səfirliyin fəaliyyəti ilə də bağlı suallar ünvanlayıblar.
Səfir İsfəndiyar Vahabzadə tələbələrin suallarını cavablandırıb.
İsfəndiyar Vahabzadə multikulturalizm və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xəttə çevrildiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin multikulturalizmin siyasi və hüquqi banisi olduğunu vurğulayan səfir prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini söyləyib.
Görüşdə gələcək diplomatlara biliklərini genişləndirmələri üçün müvafiq ədəbiyyat siyahısı təqdim edilib.
Dostluq ab-havasında keçən bu söhbət tələbələrdə xoş təəssürat yaradıb.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici unversitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Belarus Dövlət Universitetində 14 ölkədən 132 tələbə bu fənn üzrə yaz semestri boyunca təhsil alıb. “Azərbaycan multikulturalizmi” fənninin mühazirələrini Belarus, Azərbaycan, Rusiya, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Liviya, Mozambik, Nigeriya, Koreya Respublikası və Türkiyə vətəndaşları olan tələbələr dinləyiblər.