Banka borcu olanların nəzərinə
20 yanvar 2016 14:45 (UTC +04:00)

Banka borcu olanların nəzərinə

"Banka borcu olan vətəndaşların borcu məhkəmə qərarı olmadan onların əmək haqlarına yönləndirilə bilməz".

 

Bunu APA-ya açıqlamasında vəkil Paşa Səfərov deyib.

 

O bildirib ki, son vaxtlar bu cür mübahisə ilə bağlı tez-tez müraciətlər olunur: “Bu cür müraciətlərdən biri ilə bağlı artıq məhkəmə qərarı da mövcuddur. Belə ki, Nəsimi Rayon Məhkəməsi iddiaçı S. Nəcəfovun iddiasını təmin edərək bank tərəfindən onun əmək haqqı hesabından tutulmuş məbləğin geri qaytarılması barədə qətnamə qəbul edib”.

 

Vəkilin sözlərinə görə ümumiyyətlə bu cür tutmaların aparılması yolverilməzdir: “Belə ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

 

Göründüyü kimi, əmək haqqından tutulma barədə ya yazılı razılıq, ya da məhkəmə qərarı olmalıdır. Hətta bəzi hallarda kredit müqaviləsində belə bir hal nəzərdə tutulur ki, borclu borcu ödəmədikdə, bank xəbərdarlıq etmədən borcu onun əmək haqqına yönəldə bilər. Hətta kredit müqaviləsində belə bir müddəanın olması da banka hüquq vermir ki, borclunun borcunu onun əmək haqqından tutsun.

 

Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı bəndinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Göründüyü kimi, norma açıq şəkildə göstərir ki, işçi tutulma barədə ərizə ilə yalnız işəgötürənə müraciət etməlidir, bunu etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar