Bakının gün eynəyi bazarı: burda 2 manata da eynək satılır, 9 minə də - REPORTAJ
18 iyun 2013 15:30 (UTC +04:00)

Bakının gün eynəyi bazarı: burda 2 manata da eynək satılır, 9 minə də - REPORTAJ

2 manata eynək?  “20 yanvar” metrostansiyasının keçidində “İki manata “oçki”lərdən qalmadı!”, - deyə qışqıran satıcının səsi anındaca diqqətimi cəlb etdi. Necə yəni, 2 manata eynək? Qulaqlarıma inanmayıb, satıcıya yaxınlaşdım. Satıcı məni real alıcı hesab edib, eynəklərin qiymətini hətta 1 manat 50 qəpiyə belə endirdi. Vitrinə düzdüyü çoxlu eynəklər arasından 1 manat 50 qəpiklik eynəyi çıxarıb, sırtıqcasına “ucuz və keyfiyyətli” deyə təqdim də etdi. Ucuz, amma “keyfiyyətli” olan bu eynək yaman şübhəli göründü gözümə. Allah bilir nədən hazırlanan, Çin istehsalı olan bir eynək idi...

 

 

“Öz aparatım var, yoxlayıram”

 

Bir neçə gün sonra yolum “Memar Əcəmi” tərəfə düşmüşdü. Stansiyaya girəndə gözüm yenə satlığa qoyulmuş gün eynəklərinə sataşdı. Burda vəziyyət daha acınacaqlıydı. Metronun girişindəcə gün eynəyi bir yana, optik eynəklər də satılırdı. Satıcı ilə bir-iki kəlmə kəsəndən sonra məlum oldu ki, sən demə, bu adam həkimdən də “yaxşı” bilirmiş: “Evdə öz aparatım var. Xəstənin gözünə uyğun görmə eynəyi təyin edirəm. Həkimlərdən də yaxşı edirəm bunu. Bu gün eynəkləri isə, Azərbaycana Dubay, Türkiyə və Çindən gətirilir. Mağazalarda satılan eynəklərdən heç də geri qalmırlar. Bax, bu eynəyi mən beş manata satıram. Amma mağazalarda bu əlli manatadır. Lap bahalıları da satılır, min manata, daha da baha, istəsən yerin deyərəm, tanışlarımdı”. Satıcı dayı həmin mağazanın yerini də dedi: ““Sahil” metrosunu yanındadır”.

 

“Test nədir?”

 

Mağazaya çatanda ilk diqqətimi cəlb edən bilirsinizmi nə oldu? Burada vitrinə düzülmüş eynəklər sanki metrostansiyalarda satılanlarla eynidir. Onlarca eynək arasında xoşuma gələn birini götürüb, qiyməti ilə maraqlanıram. Satıcı xanım “120 manatdı, polaroiddi”,  deyir. Eynəyi gözümə taxıb, yoxlamaq üçün test istəyəndə, məlum oldu ki, gənc xanım testin nə olduğunu bilmir. Amma dil-boğaza da qoymur. Məlum olur ki, burada eynəklərin qiyməti nə az, nə çox 120 manatdan başlayıb, 9 min manatda bitir. Satıcı deyir ki, mağazada Avropadan gətirilən, brend gün eynəkləri ilə yanaşı optik eynəklər də satılır. Optik və gün eynəklərin düzgün təyin olunması üçün mağazada həkim-oftamoloq da fəaliyyət göstərir. Satıcının sözlərinə görə, buradakı alıcıların bəziləri eynəyin modeli və yaraşıb, yaraşmasını fərq etmədən, sadəcə ən bahalı eynəyi almağa çalışırlar.

 

***

 

Yaxşı, bu brendi başa düşdük, bəs görəsən, bir ətək pul verib bahalı eynək alandan sonra bunun saxta olmadığına zəmanət varmı? Və ya həmin eynəklərin elə həmin metrostansiyalarda satılanlardan nə fərqi?

 

***

 

“Azad İstehlakçılar” birliyinin sədri Eyyub Hüseynov deyir ki, Portuqaliya, Cənubi Afrika, Avstraliya, İtaliya kimi inkişaf etmiş ölkələrdə gün eynəkləri yalnız və yalnız çimərliklərdə satılır: “Amma Azərbaycanda gün eynəklərinin  şəhərin harasında gəldi, necə gəldi, hər  qiymətə satışı var. Azərbaycanda satılan gün eynəkləri bizi qorumur, gözümüzü, sifətimizi korlayır. Əhali bilməlidir ki, həkimlər tərəfindən gözdə müəyyən müayinə aparıldıqdan sonra gün eynəkləri təyin edilməlidi. Brend gün eynəklərinin testləri olur. Bizim otağımızda “polaroid” gün eynəyinin testi var. Bununla eynəyin saxta olub, olmamağı bilinir. Alıcı öz hüququnu bilməlidi, sertifikat tələb etməlidi. Mən bu yaşıma çatmışam, hələ də başa düşmürəm ki, qışda, xüsusən də xanımlar niyə gün eynəyi taxırlar? Bilmirəm bu camaatı özünü niyə kor etmək istəyir? Azərbaycana Çin, Dubay, Hindistan, Türkiyə və İrandan gətirilən gün eynəklərinin səksən faizi standartlara cavab verməyən plastik eynəklərdi, gözə ziyandı”.

 

“Sertifikat tələb edin!”

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı deyir ki,  gün eynəkləri də qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalıdı: “Sertifikat  gün eynəklərinin mənşə sənədləri, yəni istehsal olduğu ölkənin müvafiq sənədləri, keyfiyyət sənədləri komitənin akkreditasiya etdiyi standartlaşdırma orqanlarına təqdim olunandan, sınaqları aparılandan, standartın tələblərinə uyğunluğu yoxlandıqdan sonra verilir. Bundan sonra isə eynəklər tanınma sertifikatı ilə satışa çıxarılır. Bu, məcburidir. Amma komitənin Dövlət Nəzarəti Xidmətinin apardığı nəzarət tədbirləri nəticəsində məlum olur ki, Azərbaycana idxal olunan gün eynəklərinin çoxu sertifikatlaşdırmadan yayınır. Onlar öz məhsullarına standarta uyğun olub-olmadığını araşdırmaqdan qaçırlar. Sertifikatlaşdırmadan yayınmanın səbəbi isə odur ki, onlar öz məhsullarının keyfiyyətinə şübhə ilə yanaşırlar. Bilirlər ki, keyfiyyətsizdi. Bu da alıcıların sağlamlığını böyük risk altına salır. Ona görə, biz həmişə mətbuat vasitəsi ilə bildiririk ki, gün eynəkləri alarkən mütləq sertifikat tələb etsinlər. Gün eynəkləri satılan yerlərdə sertifikat olmadan onun satışı həyata keçirilə bilməz. Tərəfimizdən aparılan nəzarət tədbirləri zamanı bu faktlar aşkar olunduqca qanuna uyğun tədbirlər görülür. Metro keçidlərində, iri topdan satış məntəqələrində satışı həyata keçirmək digər orqanların vəzifəsidir. Biz sadəcə alıcılara tövsiyə edə bilərik ki, elə yerlərdən gün eynəyi almasınlar. Çünki onların təhlükəsizliyinə dövlət təminat vermir. Onlar öz həyatlarını riskə atırlar. Təsəvvür edin ki, üç manata gün eynəyi satılır. Belə eynəklərin şüşələri keyfiyyətsizdir. İstehlakçılardan xahiş edirik, bu məsələlərdə diqqətli olsun. İndiyə qədər yüzlərlə keyfiyyətsiz gün eynəkləri bazardan çıxarılıb, çıxarılır da”.

 

 

Həkimlər fərqli düşünürlər

 

Bəs görəsən bu eynəklərlə bağlı həkimlər deyir? Ucuz eynək mütləq keyfiyyətsizdirmi?

 

Həkim-oftalmoloq Paşa Qəlbinur mətbuata açıqlamasında bildirib ki, satışda olan ucuz eynəklərin hamısını keyfiyyətsiz adlandırmaq olmaz: “Onların arasında keyfiyyətliləri də var. Hansının keyfiyyətli, hansının keyfiyyətsiz olduğunu isə mütəxəssislər araşdırmalıdır. Keyfiyyətsiz eynəklər gözdə allergiya yaradır, qlakomanı artırır, ümumilikdə heç bir xəstəliyi olmayan gözlərdə də xəstəliklərin yaranmasına səbəb olur. Düzgün təyin edilməyən eynək göz əyarının dəyişməsinə səbəb olur və bu problemi sonradan aradan qaldırmaq üçün çox zaman cərrahi müdaxiləyə ehtiyac yaranır”.

 

P. Qəlbinurdan fərqli həkim-oftamoloq İnayət Hacızadə isə ucuz eynəklərin hamısını keyfiyyətsiz sayır. O hesab edir ki, ucuz eynəklərin materialı plastik olduğu üçün gözlərə çox zərərlidir: “Günəşli havada  dənizçilərin, sürücülərin, günün intensiv vaxtı tikintidə işləyən insanların qoruyucu eynək taxması vacibdir. Ancaq bu eynəklər plastik yox, şüşədən olmalıdı. Şüşə eynəklər gözü günəşdən gələn ultra-bənövşəyi şüalardan qoruyur. Gün eynəklərinin şüşələrinin rəngi də düzgün seçilməlidir. Adətən şüşəsi qara, qəhvəyi , yaxud qırmızı rəngə üstünlük verirlər. Lakin ən yaxşısı yaşıl rəngdir. Çünki yaşıl spektri göz daha yumşaq qəbul edir. “Yaşıl eynəkli adam”  tamaşasında havayı yerə yaşıl eynək seçilməyib. Daha tünd rənglərdən istifadə etmək məsləhət deyil”.

 

***

 

Bax, belə! Biz yazdıq, nəticəni özünüz çıxarın. Gözlərinizi isə günəş şüalarından mütləq qoruyun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3757
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar