Paytaxtın Xətai rayonunun Sadıqcan küçəsində təmir-tikinti işlərinə başlanılıb. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, uzunluğu 1 kilometr, ortalama eni isə 15 metrolan küçənin təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınır, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənir. Ümumilikdə küçənin 15 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq və küçə boyu 2 min p/m yeni səki daşı düzüləcək.
Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanacaq. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılacaq, kommunikasiya xətlərinin baxış qapaqları yenilənəcək.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsinin xətlənməsi işləri də aparılacaq.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.