Kimi "selfie" edir, kimi tamahını saxlaya bilməyib dadına baxmaq istəyir, kimi isə sadəcə kənardan seyr edir. Görüntülər Muzey Mərkəzində keçirilən "Şokolad sərgisi"ndəndir.
Mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Bakıda Nikolay Popovun “Nikolya” şokolad muzeyi” sərgisi başlayıb.
"200 kvadratmetrlik məkanda keçirilən sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq, 250-dən artıq çeşiddə yüksək keyfiyyətli şokolad məmulatı, o cümlədən şokolad tablolar, miniatürlər, kompozisiyalar nümayiş etdirilir".
Sərgidə həmçinin şokoladın yaranma tarixi barədə maraqlı faktlarla tanış olmaq mümkündür. Məşhur şokolad ustası Nikolay Popov bu sərgi üçün Azərbaycana və paytaxtımıza həsr olunmuş şokoladdan müxtəlif incəsənət əsərləri də yaradıb.
"Məşhur şokolad ustası Azərbaycanın tarixi yerlərini də unutmayıb. Belə ki, öz əzəməti ilə seçilən Qız Qalasının şokoladdan maketini hazırlayıb ki, bunun üçün 65 kq tünd şokoladdan istifadə edib. Daha sonra isə o Azərbaycanın bayrağını şokoladla əks etdirilib. Digər tərəfdə isə Alov qülləsinin maketi hazırlanıb".
Sərginin davam etdiyi müddətdə müəllif dünyada ən böyük - çəkisi 200 kiloqram olan şokolad tablosunu təqdim edəcək. Bu əsəri müəllif “Bakı-2015” I Avropa Oyunlarına həsr edib.
"Məşhur şokolad ustası xüsusi texnologiya ilə hazırlanmış eksklüziv şokolad-suvenir məmulatlarını təqdim edəcək ki, bunlar sərgi dövründə reallaşdırılacaq. Öz əlləri ilə şokolad hazırlamaq istəyənlərə isə müəllif ustad dərsi keçəcək".
“Nikolya” şokolad muzeyi” sərgisinə 5 il ərzində 500 mindən çox adam baxıb. Bu məşhur sərgi dünya turu çərçivəsində 40-dan çox ölkədə nümayiş olunub. Sərgiyə tamaşa edənlər də heyrətlərini gizlətməyiblər:
"Adım Leylidir. Mənim daha çox Eyfel qülləsi və piano xoşuma gəldi. Mən şokoladı xoşlayıram daha çox isə qara şokoladı bəyənirəm".
"Şokoladı çox sevirəm, məndən daha çox qızım xoşlayır. Elə onun eşqinə gəlmişəm. Hər şeyin dadına baxmaq istərdim, amma təbii ki, bu mümkün deyil, icazə vermirlər. Baxdıqca adama elə gəlir ki, çempionların qızıl medalları dişləri ilə yoxladığı həqiqi qızıl deyil, bax, bu şokoladlardır. əmin olmaq istərdim. O hiss var adamın içində. Çox şeylər xoşuma gəldi. Sərgini çox bəyəndim, çox xoşuma gəldi".
Qeyd edək ki, sərgi iyunun 28-dək davam edəcək.