Martın 15-də saat 10:30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər, faytonların müşayiəti ilə böyük karvan Suraxanı “Atəşgahı”na yola düşəcək. Lent.az-ın məlumatına görə, bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun “Koroğlu” stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı “Atəşgah”ına yola düşəcək.
Atəşgahdan od götürən bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun “Koroğlu” stansiyasının yanındakı “Alov” Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Mərkəzi Parkda bayram tonqalını alovlandıracaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19:00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.
Bakı Şəhər İcra Hakimiyyəti Bakı sakinlərini, şəhərin qonaqlarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edir.