Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun doğum günüdür. 1944-cü il mayın 13-də anadan olan Hacıbala müəllim 69 yaşını qeyd edir.
Lent.az-ın məlumatına görə, Modern.az saytı Hacıbala Abutalıbovun əlamətdar günündə onunla əlaqə saxlayaraq, Bakının merindən ad günü təəssüratlarını öyrənməyə çalışıb. Ad gününü keçirməyi sevmədiyini deyən Hacıbala Abutalıbov 13 may tarixinin onun üçün adi günlərdən biri olduğunu bildirib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı 69 yaşını iş başında qeyd etdiyini vurğulayıb. Deyib ki, o, özü üçün əsl ad gününün mayın 10-u - Heydər Əliyevin doğulduğu gün olduğunu düşünür.
Hacıbala Abutalıbov, həmçinin Bakı sakinlərinə və eləcə də Azərbaycan xalqına özəl günündə xoş arzular diləyib:
“Bu gün mənim üçün adi günlərdən biridir. İşimin üstündəyəm, hər hansı təntənəli mərasim keçirməyin tərəfdarı deyiləm. Bax bu saat yeni məsələ ilə məşğulam. İnşallah bu yaxınlarda daha möhtəşəm işimizi görəcəksiniz. Bakımız gözəlləşir, çalışacağıq ki, Bakını dünyanın ən gözəl şəhərinə, yaşıllıqlar, fəvvarələr şəhərinə çevirə bilək.
Doğum günümdə mənim üçün ən böyük təbrik Bakı şəhərinin gözəlləşməsidir. Mən istərdim ki, Azərbaycan dünyanın ən gözəl diyarına çevrilsin”.
Hacıbala müəllimin Bakı ilə bağlı arzusu Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərinə çevirməkdir.
“Həm də onu istəyirəm Azərbaycan xalqı dünyanın ən gözəl, ən təmiz və ən qeyrətli bir xalqına çevrilsin. Çox istərdim ki, bu xalq böyük dərdimiz olan Qarabağımızı azad edib, orada gözəl bir bayram keçirsin.
Mənim üçün ad günü may ayının 10-dur. Çünki həmin tarix Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin ad günüdür. Heydər Əliyevin ad günü nəinki Hacıbala Abutalıbovun ad günü, həmçinin Azərbaycan xalqının ad günüdür. Hamıya xoş arzu, istəklərimi çatdırıram. Sizə də uzun ömür, xoşbəxtlik diləyirəm”-deyə Hacıbala Abutalıbov bildirib.