Hər olduğu kimi, bu il də mayın 10-nu paytaxtda, eləcə də bölgələrdə Gül bayramı keçiriləcək. APA TV-nin xəbərinə görə, artıq bununla bağlı paytaxtın bir sıra parklarında bayrama hazırlıqlar gedir.
Ənənəvi olaraq Gül bayramının keçiriləcəyi əsas məkan Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkıdır. Artıq bunun üçün hazırlıqlar başlayıb.
Ötən illərdən fərqli olaraq, bu il parkın giriş hissəsində Bakı 2015 Birinci Avropa Oyunlarının bütün idman növləri üzrə stendləri qurulub. Bu stendlər güllərlə bəzədiləcək.
Hər il biz Gül bayramında müxtəlif rəngli güllərdən hazırlanmış kompozisiyalar görürük. Bu il də park xaricdən gətirilmiş qeyri-adi güllərlə bəzədiləcək.
Gördüyünüz bu gəmi, təyyarə, pianino və digər musiqi alətləri bu il yeni maketlərdəndir. Bunların da üzəri müxtəlif güllərlə bəzədiləcək.
Adətən burda Gül bayramı iki-üç gün davam edir. Ancaq Bakı 2015 İlk Avropa Oyunları zamanı gələcək turistləri nəzərə alaraq bu müddət uzadıla bilər. Bu isə hava şəraiti ilə bağlı olacaq. Belə ki, havanın həddindən artıq isti və yaxud soyuq keçməsi ölkəyə xaricdən gətirilən güllərin tez tələf olmasına səbəb ola bilər. Əgər normal hava şəraiti olarsa, Gül bayramı daha bir neçə gün davam edəcək.