Dövlət Statistika Komitəsi bu ilin aprelində sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb. Qurumun mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, bu ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5,0 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,7 faiz aşağı düşüb.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı 5,7 faiz, metal filizlərinin hasilatı üzrə 2,3 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı isə 0,5 faiz bahalaşıb.
Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı 4,8 faiz, kimya sənayesi 3,0 faiz, geyim istehsalı 2,2 faiz, metallurgiya sənayesi 1,1 faiz, poliqrafiya fəaliyyəti 0,8 faiz, avtomobil və qoşquların istehsalı 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,1 faiz artıb.
Maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 7,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 6,4 faiz, kağız və karton istehsalı üzrə 6,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 5,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,5 faiz ucuzlaşma müşahidə olunub.