Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, hazırda üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir. Bu səbəbdən Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.