"Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 4323 əcnəbi tələbə təhsil alır və əcnəbi tələbələrin cəlbi üçün yeni mexanizm tətbiq edilir". Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əlaqələr sektorunun müdiri Nicat Musayev deyib. O bildirib ki , bu işdə əsas məqsəd əcnəbi tələbələrin sayını artırmaqdır.
N.Musayevin sözlərinə görə, Boloniya sisteminə qoşulduqdan sonra ali təhsil müəssisələrinə muxtariyyət verilib: "Ali məktəblər xarici vətəndaşları ali məktəblərə cəlb etməklə əlavə gəlir mənbəyi kimi görürlər. Çünki region dövlətlərində də eyni şəkildə bu siyasət aparılır".
Xaricdə təhsillə bağlı Təhsil Nazirliyi tərəfindən ali məktəblərə təkliflər verildiyini deyən N.Musayev qeyd edib ki, bu təkliflərə onların dünya təhsil sərgilərində daha aktiv iştirak etmələri, yataqxana problemlərinin həll olunması və sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərmələri daxildir.
2007-2015-ci illər üzrə Xaricdə təhsil üzrə Dövlət Proqramının icra vaxtının bitdiyini deyən N. Musayev bildirib ki, yeni proqram layihəsi ilə bağlı müəyyən məsləhətləşmələr aparılır: "Hökumət qərara gəlib ki, mövcud proqramın nəticələrini təhlil edib, yeni proqramda əlavə prioritetləri əhatə etmək üçün 1 illik fasilə verilsin. Yeni proqramda 2 istiqamət nəzərdə tutulur. Birinci istiqamətdə magistratura və doktorantura pillələri prioritet götürüləcək. İkinci məqam əcnəbi professorların yerli ali təhsil müəssisələrinə cəlbidir".