Azərbaycanda 28 min 656 nəfər qeydiyyatda olan narkotik vasitə istifadəçisi var.
APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2015-ci illə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb. Narkotik aludəçilərinin 20 min 276 nəfəri opioid, 8 min 380 nəfər kannabinoid qrupuna aiddir. Narkotik vasitə istifadəçilərinin 11 min 71 nəfəri (8 min 500 opioid, 2 min 561 kannabinoid qrupuna aiddir) Bakıda qeydiyyatdadır.
Keçən il respublikanın polis orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 2 min 935 cinayət faktı aşkarlanıb. Bu cinayət faktlarından 786-sı (26,7 faiz) narkotik vasitələrin qanunsuz satışı, 1940-ı (66 faiz) satış məqsədi olmayan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 193-ü (6,5 faizi) narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 16-sı (0,5 faiz) sair cinayətlərlə bağlı olub.