Dövlət Sosial Müdafiə Fondunda (DSMF) bu ilin I yarım ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, iclasda çıxlış edən DSMF sədri Səlim Müslümov deyib ki, bu ilin 6 ayında Azərbaycan öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlayıb, ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlib, pensiyaçıların sosial müdafiəsi sahəsində islahat tədbirləri davam etdirilib.
Operativ məlumatlara əsasən 2013-cü ilin birinci yarısında Fondun gəlirləri proqnozun 101,9 faizi qədər, yəni 1306,6 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin birinci yarısına nisbətən 34,2 mln. manat və ya 2,7 faiz çoxdur. Cari ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin birinci yarısına nisbətən 11,9 faiz və ya 77,0 mln. manat artaraq 723,8 mln. manat təşkil edib, proqnoz 103,1 faiz icra olunub. 2013-cü ilin birinci yarısında sosial sığorta haqlarının 63,9 faizi və ya 462,8 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,8 faiz və ya 76,7 mln. manat yuxarı olmaqla proqnozun 121,4 faiz icra edildiyini göstərir. Hesabat dövrü ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1 faiz artıb. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 261,0 mln. manat təşkil edib.
Bu ilin birinci yarısında Fondun xərcləri 1241,9 mln. manat olub. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1219,0 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,3 mln. manat və ya 3,5 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin birinci yarısına nisbətən 3,5 faiz və ya 39,9 mln. manat artaraq 1190,6 mln. manat təşkil edib. 2013-cü ilin yanvar-iyun aylarında əhaliyə 28,4 mln. manat məbləğində müavinət ödənilib. Ölkə üzrə əmək pensiyaçılarının sayı 2013-cü ilin əvvəlinə 1272,1 min nəfər olub və ilkin məlumatlara görə, ilin birinci yarısında 2 min nəfər və ya 0,2 faiz azalaraq 1 iyul tarixinə 1270,1 min nəfər təşkil edib. 2013-cü ilin 1 iyul tarixinə əmək pensiyalarının orta aylıq məbləği 153,6 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 170,1 manat olub. Səlim Müslümov qeyd edib ki, gəlirlərin səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
Sığorta-pensiya sistemində aparılan islahatlara uyğun olaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayının 8-dən 25-ə çatdırılıb. 6 ayın statistikasına əsasən, Fond tərəfindən göstərilən elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdir. Səlim Müslümov ötən 6 ay ərzində fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə davam etdirilən tədbirlər nəticəsində fərdi şəxsi hesaba malik sığortaolunanların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz artdığını da bildirib. Bu ilin iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2581586 nəfərə yüksəlib.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri, bəzi yerli orqanların rəhbərləri çıxış ediblər. İclasda Fondun yerli orqanlarının 2013-cü ilin ilk yarısındakı fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub. Kollegiyada eyni zamanda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 7.3-cü “Sosial müdafiə sisteminin təkmilləşdirilməsi” bəndinin 2013-cü ilin ikinci yarısında icrası üzrə DSMF orqanlarının qarşısında duran vəzifələrlə bağlı müzakirələr aparılıb.